Şeytan imzası
23 Yanvar 2012 Bazar Ertəsi 21:12
Elektron imza Bakıda otura-otura Parisdə yaradılmış sənədə qol çəkməyə imkan verir.
Bakıdakı iri şirkətlərdən biri ilə aparıcı dövlət qurumlarının biri arasında yüz min manatlarla ölçülən maliyyə mübahisəsi var idi. Dövlət qurumu şirkəti borclu sayırdı və pulun ödənilməsini tələb edirdi. Şirkət isə bu tələbi qanunsuz sayırdı və lazımi sənədləri toplamaqla məhkəməyə hazırlaşırdı. İşin şər tərəfini də unutmamışdı, sərmayə siyasətini məhdudlaşdırıb ehtiyat üçün pul yığırdı ki, məhkəməni uduzarsa, borcu ödəyə bilsin. Beləcə, mübahisə bir neçə ay davam etdi və bir gün sanki hər şey həll olundu. Dövlət qurumundan şirkətə elektron məktub gəldi ki, bəs, indiyə kimi edilmiş narahatçılığa görə üzr istəyirik, araşdırdıq, gördük ki, sizin heç bir borcunuz yoxdur, rahat işinizə davam edə bilərsiniz. Şirkətdə sözügedən maliyyə mübahisəsini çox tez unutdular və pulun başını açdılar - layihə layihə dalınca gəldi. Məhkəməyə hazırlıq üçün yığdıqları sənədlər də it-bata düşdü - pis yuxu kimi onlar barədə düşünmək belə istəmədilər. Amma birdən vəziyyət dəyişdi, məhkəmə işi bilinməyən səbəblər üzündən qəflətən yenidən dirildi. Şirkət təmsilçiləri məhkəmə iclasına yalnız bir dəlillə - dövlət qurumundan gəlmiş elektron məktubla getməyi yetərli saydılar. Lakin məhkəmə dövlət qurumundan şirkətə göndərilmiş elektron məktubu sənəd hesab etmədi. Hakim “Bunu istənilən adam sizə yollaya bilərdi - imzası yox, möhürü yox, haradan bilək ki, bu məhz bu dövlət qurumundan gəlib?” - deyərək şirkətdən tutarlı sübutlar tələb etdi. Əlqərəz, o şirkətin borc qalmaqalı hələ də davam edir - hüquqşünasları sənədlər üstündə baş sındırır, cərimə pulunu yığmaq üçün layihə layihə dalınca bağlanır.
Amma məhkəmənin nəticəsi başqa cür də ola bilərdi, bunun üçün tək bircə elektron imza çatmırdı, əgər dövlət qurumundan gələn məktubda elektron imza olsa idi, məhkəmə onu sənəd saya bilərdi və dövlət qurumunun nə vaxtsa bitmiş hesab etdiyi borca görə təkrar iddiası keçərsiz sayılardı.
Məsələ bundadır ki, 2004-cü ildə qəbul edilmiş "Elektron imza və elektron sənəd haqqında" qanunun 3-cü maddəsinə görə, elektron imza etibarsız sayıla bilməz və sertifikatlı gücləndirilmiş elektron imza əl imzası ilə eyni hüquqa malikdir.
Qanun 7 il qabaq qəbul edilsə də ölkədə elektron imzaların verilməsi yalnız indi gündəmə gəlib və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, artıq yanvarın ikinci yarısından Azərbaycanın 58 rayonunda elektron imzaların verilməsinə başlanıb. RİTN "Azərpoçt"un müştəri xidmətləri şöbələrində elektron imzaların qeydiyyatı üçün mərkəzlər yaradıb. Vətəndaşlar bu mərkəzlərə şəxsiyyət vəsiqəsini təqdim etməklə elektron imzalar ala bilərlər. Hüquqi şəxslər və dövlət qulluqçuları isə qanunvericiliyə uyğun olaraq başqa sənədlər də təqdim etməlidirlər. Sənədlər yoxlanıldıqdan və xidmət haqqı ödənildikdən sonra vətəndaşın adından ərizə təqdim edilir. Ərizədəki məlumatlar Daxili İşlər Nazirliyinin xətti ilə yoxlanılır və vətəndaşa elektron imza təqdim edilir.
Qanunun yeddi ilə öncə qəbul edilməsinə baxmayaraq, elektron imzanın belə gec tətbiq edilməsi məhz təşkilati işlərlə bağlıdır - çünki bu cür imzaların işlədilməsi üçün geniş struktur qurulmalı idi və bu, aşağıdakı ardıcıllıqla baş verib: 2006-ci ildə Nazirlər Kabineti elektron imza ilə bağlı normativ hüquqi səndləri təsdiqləyib. 2008-ci ildə Milli Açıq Açar İnfrastrukturunun yaradılmasına qərar verilib. Elə həmin tender vasitəsi ilə infrastrukturun yaradılması üçün “Ultra”, “Azərin” “Microsoft -Azərbaycan” şirkətlərindən ibarət konsorsuma sifariş verilib. Həmçinin buna paralel olaraq ölkənin kompüterləşdirilməsi dərinləşdirilib.
“Birinci əsas işimiz Ali Sertifika Mərkəzini yaratmaq oldu. Bu mərkəz yaradılmış və yaradılacaq bütün sertifikatlaşma mərkəzlərinə sertifikat verir, nəzarət edir. Buna bağlı iki mərkəz də yaratmışıq - Elektron Hökumət Mərkəzi və Hakimiyyət Orqanları Mərkəzi. Elektron Hökumət Mərkəzinin əsas işi fiziki və hüquqi şəxslərə xidmət göstərməkdir, yəni istənilən şəxs elektron imza almaq üçün ora bağlı olan qeydiyyat mərkəzlərinə müraciət etməlidir”,- deyə “Ultra” şirkətinin layihələrin idarə edilməsi şöbəsinin rəhbəri Anar Məmmədov bildirir. Dövlət nümayəndələri isə elektron imza almaq üçün Hakimiyyət Orqanları Mərkəzinə müraciət etməlidirlər.
Elektron imza əslində vətəndaşın adına identifikasiya edilmiş və barəsində məlumatlar daxil edilmiş smart-kartdır və onu kompüterlə əlaqələndirmək üçün USB çıxışı olan kart oxuyucusuna da ehtiyac var. Əhali üçün 3 illik elektron imzanın qiyməti 30 manat, dövlət qurumları üçün 135 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün isə 168 manatdır. Vətəndaş, hüquqi şəxs və ya dövlət qulluqçusu elektron imza üçün müraciət etdikdən sonra uyğun smart kart onun adına personallşdırılır və daha sonra özünə təqdim edilir. Daha sonra xüsusi kuryer vasitəsi ilə onun yaşadığı ünvana pin-kod göndərilir. Burada məxfiliyi təmin etmək üçün pin-kod zərfi yalnız imza sahibinin özünə təqdim edilir.
Elektron imza əslində kompüterdə yaradılmış hər hansı bir sənədin üzərinə şəxsiyyəti təsdiq etmək üçün yerləşdirilən elektron şəhadətnamədir. Yəni virtual şəbəkədə yaradılan və ya yerləşdirilən hər hansı bir sənəd məhz elektron imza vasitəsi ilə imzalanır. Elektron imza sahibi bu imzanı yazdığı sənədin üstünə yerləşdirmək üçün smart kartı və pin-kodu aldıqdan sonra kompüterinə “www.e-imza.az” saytından ayrıca nəzərdə tutulmuş “Elektron imzalayıcısı proqram təminatı” yükləyir. Bu proqram təminatı istənilən “word”, “exel”, “pdf”, “outlook” və digər “Microsoft Office” proqramları tərəfindən oxunur. İmza sahibi hər hansı bir sənədi başa çatmış saydıqdan sonra USB çıxışlı kart oxuyucusu ilə smart-kartı kompüterlə əlaqələndirir və sənədin imzalanması zamanı pin-koddan istifadə edilir. Bununla, elektron sənəd imzalanmış saylır. İmzaladıqdan sonra elektron sənəddə heç bir dəyişiklik etmək mümkün deyil. Elektron sənəd almış tərəf də “www.e-imza.az” saytının vasitəsi ilə imzanın gerçək olub-olmadığını yoxlaya bilər.
Elektron imza adi və ya gücləndirilmiş ola bilər. Qanunvericiliyə görə, məhkəmələrə və digər dövlət qurumlarına təqdim edilən sənədlərə gücləndirilmiş elektron imzalar vurulmalıdır. Gücləndirilmiş elektron imzanın üzərində həm də vaxt möhürü olur, yəni məhkəmə və başqa dövlət qurumu bunun nə vaxt imzalandığını da görür. Vaxt möhürü xüsusi "GPS" avadanlığı ilə beynəlxalq vaxtla (Qrinviç vaxtı ilə) vurulur.
Elektron imzaları saxtalaşdırmaq çox çətindir. Anar Məmmədovun bildirdiyinə görə, Ali Sertifikasiya Mərkəzinin açarlarının uzunluğu 4096 bitdir, yəni Mərkəzə girib hansısa sənədi saxtalaşdırmaq - bu açarı açmaq üçün 4096 şifrə üst-üstə düşməlidir. Aşağı mərkəzlərin açarları isə 2046 bitdən ibarətdir.
Bu imzalardan elektron ticarətdə geniş istifadə edilir. Həmçinin, adi ticarət sənədlərini də bu cür imza ilə imzalamaq mümkündür. Yəni vətəndaş Bakıda otura-otura Avropada yaradılmış hər hansı hesab-fakturaya qol çəkərək oradan mal ala bilər. Belə sənədlər daha əminlidir və beynəlxalq ticarətin sürətlənməsində böyük rol oynayır. Son üç ildə Avropada biznes zamanı elektron imzalardan istifadə edən müəssisələrin sayı üç dəfə artıb. Əgər 2008-ci ildə belə müəssisələrin sayı 1,7 milyon idisə, 2011-ci ildə bu rəqəm 5 milyona çatıb. Rusiyada da müəssisələrin 50%-i elektron imzadan istifadə edir. Vahid dilli məkan olması səbəbindən Rusiyada elektron imza bazarı Avropaya nisbətən 5 dəfə sürətlə inkişaf edir.
Almaniya isə elektron imza məsələsində daha irəli gedib və bu ölkədə yeni elektron şəxsiyyət vəsiqələri tətbiq edilir. Bu, çiplə təchiz edilmiş bank kartına bənzəyir və üzərində yiyəsinin fotoşəkli də yerləşdirilib. Vəsiqədə həmçinin sahibinin boyu və gözlərinin rəngi də verilib. Könüllük qaydasında oraya barmaq izləri də yerləşdirilə bilər - bu onun müdafiəsini xeyli artırır. Vəsiqə altı rəqəmli pin kodla təchiz edilib və lazım olan zaman ondan elektron imza kimi istifadə edilir. Vəsiqənin sahibi istədiyi vaxt oradakı məlumatların bir qismini gizlədib, lazım olan sənədə yerləşdirə bilər. Bunun üçün vəsiqələr xüsusi hesablayıcı qurğuya yerləşdirilir, lazımi məlumatlar seçilir və oradan virtual sənədə ötürülür. Bu cür elektron şəxsiyyət vəsiqəsini saxtalaşdırmaq qeyri-mümkündür. Çünki şəkildən başqa, barmaq izi və başqa biometrik göstəricilər uyğun gəlməlidir. Almaniyada elektron imzalara etibar böyükdür və hətta avtomobillərin qeydiyyatı zaman belə elektron imzadan istifadə edilir.
Azərbaycana gəldikdə isə, Anar Məmmədovun sözlərinə görə, artıq elektron imzalara böyük maraq göstərirlər: “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi bu işlə məşğul olur, artıq kifayət qədər elektron imza alanlar var. Alanların sırasında həm vətəndaşlar, həm dövlət qurumları, həm də hüquqi şəxslər var. Hazırda bir sıra dövlət qurumlarında, məsələn, Vergilər Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində elektron imzalarla işləməyə hazırlıq gedir, indiyə kimi isə belə qurumlarda daxili sistemdən istifadə edilirdi”,- deyən proqram mütəxəssisinin fikrincə, bu, həm vaxtda qənəat etməyə, həm də bürokratik əngəlləri aşmağa yardımçı olacaq: “Bu dövlət qurumlarının işini sürətləndirəcək, elektron imzaların tətbiqindən sonra hər hansı sıravi bir işçinin gedib müdirin katibəsinin yanında qəbul gözləməyinə ehtiyac qalmayıb, o sənədini imzalayır göndərir müdirə, müdir imzasını qoyur göndərir nazirliyin şöbə müdirinə, o da öz növbəsində nazir müavininə və s. Yəni sənəd bir neçə dəqiqənin içində əvvəllər bir neçə günə keçdiyi yolu keçə bilir”. Anar Məmmədovun fikrincə, gələcəklə sadə Azərbaycan vətəndaşları da vergi, sosial müdafiə sistemlərinə hesabat verdikdə və ya banklardan kredit götürdükdə vahid elektron imzadan istifadə edə biləcəklər.
DOSTLARINLA PAYLAŞ: