Sərxan Kərəmoğlu Abdullah Güllə görüşüb
03 Dekabr 2010 Cümə 17:20
Görüş Türkiyədə keçirilən Dövlətlərarası İş Platformasında gerçəkləşib
Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinə və eyni zamanda yeni yaradılan Qarabağ-Azərbaycan-İstanbul Teatrına rəhbərlik edən həmyerlimiz Sərxan Kərəmoğlu bu gün Türkiyənin prezidenti Abdullah Güllə görüşüb. S. Kərəmoğlunun ANS PRESS-ə verdiyi məlumata görə, görüş Türkiyədə keçirilən Dövlətlərarası İş Platformasında gerçəkləşib. Ayaqüstə davam edən kiçik söhbət zamanı S.Kərəmoğu rəhbərlik etdiyi qurumlar və onun fəaliyyəti haqqında qonşu ölkənin prezidentinə məlumat verib. Azərbaycan sənəti və sənətçiləri haqqında müəyyən informasiyaya malik olduğunu bildirən ölkə rəhbəri Sərxanın iki ölkə ilə bağlı olan fəaliyyətini təqdirəlayiq hesab edib. Eyni zamanda ona dəstək göstərilməsini bildirib.
Sərxan Kərəmoğlunun bildirdiyinə görə, onun bu günlərdə daha bir görüşü Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla olub. Səfiri yeni fəaliyyət planları barədə məlumatlandıran rejissor ondan böyük dəstək alıb. Fəaliyyəti yönündə Azərbaycan mədəniyyətinin qonşu ölkədə təbliğinə böyük önəm verən səfir Sərxanın yaratdığı teatra diqqətin ayrılmasını vurğulayıb. Səfir söhbəti zamanı qeyd edib ki, Azərbaycan Mədəniyyət Nazirliyi və şəxsən nazir özü incəsənətimizin xarici dövlətlərdə təbliği istiqamətində böyük işlər görür. Yaxın zamanlarda isə bir sıra ölkələrdə Azərbaycan Mədəniyyəti Mərkəzlərinin yaradılması nəzərdə tutulub. Səfir Sərxan Kərəmoğlunun rəhbərlik etdiyi eyni adlı qurumun fəaliyyətini də bu sıradan təqdirəlayiq hesab etdiyini xüsusi olaraq bildirib.
Yeni yaradılan Qarabağ-Azərbaycan-İstanbul Teatrına gəlincə, artıq sənət ocağının heyəti müəyyən edilib. Teatrın bədii rəhbəri 18 ildir Türkiyədə müəllim kimi çalışan Hilal Həsənov, baş direktoru keçmiş millət vəkili Çimnaz Əliyevadır. Hazırda teatrda "Fatihdə toy" adlı tamaşanın məşqləri gedir. Tamaşanın ssenari müəllifi Lalə Mağbəliyevadır.
DOSTLARINLA PAYLAŞ: