Serj Sərkisyan: Yalvarıram,xahiş edirəm
20 Mart 2013 Çərşənbə 17:18
Ermənistan prezidenti Serj Sərkisyan : Kişilikdən danışmaq lazım deyil, kişi olmaq lazımdır.
Ermənistan prezidenti Serj Sərkisyan martın 18–də axşamüstü öz iqamətgahında bir qrup KİV nümayəndəsi ilə görüşüb. ANS PRESS-in məlumatına görə, “Azadlıq” radiostansiyasının erməni xidmətinin direktoru Hrayr Tamrazyan da bu, görüşdə iştirak edib və prezidentə öz suallarını ünvanlayıb.
Tamrazyanın prezidentə Azadlıq meydanına Raffi Hovhannisyanın görüşünə gedib getməyəcəyi ilə bağlı verdiyi suala Sərkisyan belə cavab verib: “ Mən Azadlıq meydanına getməyə hazırlaşmıram. Bunun çoxsaylı və müxtəlif səbəbləri vardır. Öncə onu bildirim ki, siz deyirsiz ki, 500 mindən artıq insan Hovhannisyana səs verib və indi onun arxasında dayanaraq meydana çıxıb. Deməli mənim və əhalimizin böyük əksəriyyətinin görmə ilə bağlı problemləri var. Çünki mitinqlərin keçirildiyi Azadlıq meydanında orta hesabla 3 min adam ancaq olar. Baxmayaraq ki, hər bir vətəndaşımızın fikri bizim üçün önəmlidir, amma 3 min nəfər bizim əhalimizin 0,1% - ni təşkil edir. Buna görə də “xalq meydandadır” fikri düzgün ifadə deyil. Həmçinin onu da qeyd edim ki, Raffi Hovhannisyan aclıq aksiyasına başlamaqla siyasi prosesdən kənara çıxıb. Mən özüm özümə sual verirəm ki, gedib ona deyim. Gedim dünyadan küsərək məyus olmuş və 8 gün aclıq çəkməkdə davam edən bir insanla nə haqda danışım? Əgər mən gedəsi olsaydım bir məqsədlə gedərdim və ona bir daha nəsihət edərdim ki, aclığı dayandırsın, mübarizənin başqa yolunu (mən qəsdən burada “ siyasi” sözünü buraxıram – Serj Sərkisyan) seçsin. Buradan da bir daha ona müraciət edirəm : Raffi Hovhannisyan nəsihət edirəm aclığı dayandırın, yalvarıram, xahiş edirəm”.
Raffi Hovhannisyanın öz çıxışlarında söyüşlərdən, təhqirlərdən istifadə etdiyini diqqət mərkəzinə çəkən Sərkisyan buna da öz fikrini bir neçə dəfə təkrarən bildirir : “ Hovhannisyan deyir ki, əgər Serj Sərkisyan kişidisə, qoy istefa versin. Məgər kişilik bununla müəyyən olunur? Kişilikdən danışmaq lazım deyil, kişi olmaq lazımdır. Demokratiyadan danışmaq lazım deyil, demokrat olmaq lazımdır. Vətənpərvərlikdən danışmaq lazım deyil, vətənpərvər olmaq lazımdır. İndiyədək bütün xeyir və şər işlər görənlərin hamısı xalqın adından danışıb, hər şeyi xalq naminə etdiklərini bildiriblər. Raffi Hovhannisyan deyir ki, əgər Serj Sərkisyan aprelin 9 – da Konstitusiyaya və Bibliyaya saxta, xüsusilə qeyd edirəm saxta and içsə onda, onda, onda ... Mən çoxlarından fərqli olaraq heç vaxt nə saxta and içmişəm, nə saxta salamlar yağdırmışam, nə saxta mövqelər tutmuşam, nə də ki üzümə saxta təbəssüm vermişəm. Aprelin 9 – da içəcəyim and qəlbimdən gələn və tamamilə səmimi olacaq”.
Serj Sərkisyan Raffi Hovhannisyana öz təkliflərini göndərdiyini də bəyan edir və deyir ki, Hovhannisyana təklif edib ki, yaradılacaq Konstitusiya şurasına rəhbərlik etsin. Lakin Hovhannisyan onun təkliflərinin üzərindən xaç çəkib.
Qeyd edək ki, bu görüşdən əvvəl martın 18 – də Serj Sərkisyan Raffi Hovhannisyana öz yazılı təkliflərini göndərib. Ermənistan KİV – nin yaydığı məlumata əsasən Sərkisyan Raffi Hovhannisyana üç yol məsləhət görüb.
Birinci yol ondan ibarətdir ki, Raffi Hovhannisyan Azadlıq meydanına gedir, seçicilərin 80 % - nin səsini topladığını iddia etməkdə davam edir, özünü prezident elan edərək alternativ hakimiyyət qurumları yaradır. Belə olan şəraitdə Ermənistan hüquq – mühafizə orqanları öz üzərinə düşən öhdəlikləri yerinə yetirirlər. Bu, təklifdə Serj Sərkisyan Raffiyə üstüörtülü şəkildə başa salmaq istəyir ki, hadisələr bu cür davam etsə onun haqqında ciddi tədbirlər görəcək.
İkinci yolda Sərkisyan ona Yerevanda keçiriləcək mer seçkilərinə qatılmağı tövsiyyə edir və bildirir ki, mer seçilərsə ölkənin 1/3 hissəsinə rəhbərlik edəcək.
Üçüncü yolda hazırki prezident Hovhannisyanı müxalifət olmaqdan imtina etməyə və hakimiyyət qurumlarının işində iştirak edərək korrupsiyaya və əhalinin ölkədən immiqrasiyasına qarşı mübarizə aparmağa çağırır. Bunu da onunla əsaslandırır ki, Hovhannisyan öz seçkiqabağı platformasında bu məsələlərə qarşı mübarizə aparacağına söz vermişdi.
Raffi Hovhannisyan isə öz bəyanatında bildirib ki, Konstitusiya şuarsının yaradılması ilə bağlı verilən təklif lağdır, ələsalmadır. Həmçinin o, xaçı müqəddəs hesab edərək təkliflərin üzərindən xaç çəkmədiyini deyib və yalnız iks (X) işarəsi qoyduğunu etiraf edib. Sonda Sərkisyana cavab olaraq onu da bildirib ki, “mən heç də dünyadan küsmüş deyiləm və aclıq da hiss etmirəm”.
İsmayıl Tanrıverdi, BDU-nun Erməni araşdırmaları ETL-nın rəhbəri
DOSTLARINLA PAYLAŞ: