Ermənistan prezidenti Serj Sarqsyan Türkiyə-Ermənistan futbol matçına tamaşa etmək üçün Türkiyəyə çox güman ki, getməyəcək. Hər halda onun bu gün İrəvanda səsləndirdiyi bəyanat məhz buna işarə edir. Belə ki, Sarqsyan bildirib ki, yalnız ölkələr arasında sərhədlər açılacağı və ya bu məsələ üzrə danışıqlarda irəliləyişin əldə olunacağı təqdirdə Türkiyəyə yollanacaq. ANS PRESS-in “Panarmenian”a istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Sarqsyan İrəvanda Serbiya prezidenti Boris Tadiçlə keçirilən birgə mətbuat konfransında çıxış edib.
Konfrans zamanı Ermənistan prezidenti regional münaqişələr mövzusuna da toxunub. O bildirib ki, bütün regional münaqişələr güc tətbiq edilmədən həll edilməlidir. "Bu münaqişələr sülh yolu ilə, beynəlxalq norma və prinsiplərə müvafiq olaraq danışıqlar vasitəsi ilə nizamlanmalıdır", - deyə o vurğulayıb.
Sarqsyan qeyd edib ki, münaqişələrin həllinə dair nadir üsullar yoxdur: "Hər bir münaqişənin baş vermə tarixi, səbəbləri və öz inkişaf xətti var. Bütün bunlar nəzərə alınmadan ədalətli və sabit həll mümkün deyil”. /ANS PRESS/