Serj Sarkisyan soyqırımı da, Qarabağı da satıb
19 Avqust 2009 Çərşənbə 15:35
Ermənistanın keçmiş prezidenti, Ermənistan Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan Serj Sarkisyan hökumətini Qarabağı satmaqda ittiham edib.
Ter-Petrosyan İcevana EMK təmsilçiləri ilə birgə səfər edib. Səfərdə məqsəd “Aykakan jamanak” qəzetinin həbsdə olan baş redaktoru Nikol Paşinyanın qohumlarını ziyarət etmək olub. İcevanlılar müxalifət liderini “Levon – prezident!” şüarları ilə qarşılayıblar. Burada Ter-Petrosyan jurnalistlərə ölkədəki siyasi vəziyyətlə bağlı açıqlama verib: “Soyqırımı satdılar, Qarabağı da satacaqlar. Bəlkə də artıq satıblar. Qarabağı xilas etməyin yeganə yolu Serj Sarkisyanın mümkün qədər tez istefaya getməsidir. Artıq hər şey dəyişib. Mənim dönüşümlə güclü xalq vətəndaş cəmiyyəti yaranıb və bunun qarşısını almaq mümkün deyil”.
Sabiq prezidenti müşayiət edənlər arasında Ermənistan baş prokurorunun keçmiş müavini, prezident seçkilərindən sonra bir müddət həbsdə olmuş Qagik Cangiryan da olub. O, “Azadlıq” radiosuna açıqlamasında Ter-Petrosyanın dönüşünü səbirsizliklə gözlədiyini bildirib: “Bu dönüş mənim üçün Ermənistanda tüğyan edən qanunsuzluqları dilə gətirmək üçün bir əsas oldu. Mən bu günü çox gözlədim. Heç nəyə təəssüflənmirəm. biz bu xalqla irəli, qələbəyə qədər gedəcəyik”.
Q.Cangiryan Ermənistan hüquq-mühafizə orqanlarını sərt tənqid edib: “Cinayətkarlığın səviyyəsinin artması onu göstərir ki, hüquq-mühafizə sistemi öz işi ilə deyil, siyasi sifarişləri yerinə yetirməklə məşğuldur”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar