Serj Sarkisyan Raffi Ovannisyana üç yol təklif edib
19 Mart 2013 Çərşənbə Axşamı 01:31
Prezidentliyə iki namizədin qapalı görüşünün ilginc təfərrüatları açıqlandı.
Ermənistan prezidenti Serj Sarkisyan keçmiş rəqibi, “İrs” partiyasının lideri Raffi Ovannisyana üç yol təklif edib. ANS PRESS-in “Aravot” qəzetinə istinadən verdiyi məlumata görə, Serj Sarkisyan bunu keçirdiyi mətbuat konfransında deyib.

Serj Sarkisyan seçkilərdən dərhal sonra Raffi Ovannisyanla keçirdiyi görüşün bəzi təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, Raffi Ovannisyana üç yol göstərib:

- Raffi Ovannisyan Azadlıq meydanına gedir, səslərin 80 fazini aldığını bildirir, özünü prezident elan edir və alternativ hakimiyyət strukturları yaradır. Lakin bu halda hüquq-mühafizə orqanları lazım olan tədbirləri görəcəklər.

- Raffi Ovanisyan seçkilərin ədalətsiz keçirildiyini bəyan etməkdə davam edir, partiyasının strukturlarını gücləndirir, İrəvan Ağsaqqallar şurasına seçkilərdə iştirak edir, qalib gəlir, İrəvanın meri olur və ölkənin üçdən birini idarə etməyə başlayır.

- Raffi Ovannisyan müxalifətçilikdən əl çəkir, hökumət strukturlarına qoşulur və seçki kampaniyasında vəd verdiyi kimi korrupsiya və mühacirətə qarşı mübarizəyə başlayır.

Serj Sarkisyanın sözlərinə görə, Raffi Ovannisyan üçüncü yolla maraqlanıb və söhbətin koalisiyadan gedib-getmədiyini soruşub. Lakin Serj Sarkisyan bildirib ki, bütün müzakirələr Raffi Ovannisyanın prinsipial mövqeyi ortaya qoyulduqdan sonra davam etdiriləcək.

Serj Sarkisyan və Raffi Ovannisyan bir-birilərinə yazılı təkliflər vermək barədə razılığa gəliblər. Serj Sarkisyanın sözlərinə görə, o, vədinə əməl edib və Konstitusiya referendumunun keçirilməsi ilə bağlı yazılı təkliflər göndərib. Konstitusiyaya dəyişikliklər layihəsini Raffi Ovannisyanın başçılıq etdiyi komissiya hazırlamalıymış. Lakin Raffi Ovannisyan sənədi geri qaytarıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar