Ermənistan prezidenti Serj Sarkisyanın İrana ikigünlük rəsmi səfəri başlayıb. Geniş tərkibli nümayəndə heyətini İranın xarici işlər naziri Monüçöhr Mottaki, Ermənistanın bu ökkədəki səfiri və erməni din xadimləri qarşılayıblar. M.Mottaki ilə görüşdən sonra S.Sarkisyan iranlı həmkarı Mahmud Əhmədinejatla görüşüb. 30 dəqiqə sürən təkbətək görüşdən sonra geniş tərkibdə aparılan danışıqlarda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, nəqliyyat sahəsində əməkdaşlıq kimi məsələlər müzakirə olunub. Gündəlikdə duran əsas məsələ isə İran-Ermənistan dəmiryolu xəttinin inşasıdır. 2 günlük səfərin sonunda tərəflər arasında dəmiryolu xəttinin inşasına dair yekun memorandumun eləcə də digər sahələr üzrə sənədlərin imzalanması gözlənilir. Xatırladaq ki, aprelin 3-də İran-Ermənistan birbaşa dəmiryolu xəttinin inşasına dair ilk memorandum imzalanıb. Bu dəmiryolu Ermənisatana enerji ehtiyyatlarını və digər mallarını dünyaya çıxarmağa imkan yaradacaq.
Qeyd edək ki, blokada şəraitində olan Ermənistan indiyədək xarici ölkələrlə yalnız Gürcüstan vasitəsi əlaqələr qurur. Layihə reallaşacağı təqdirdə, 470 km-lik olan İran-Ermənistan dəmiryolu xəttinin 60 km-i İrandan, qalanı isə Ermənistan ərazisindən keçəcək. 1 milyard dollarlıq layihəni 5 il 6 ayadək həyata keçirməsi planlaşdırılır. Ermənistanın nəqliyyat və rabitə naziri Qurqen Sarkisyan isə deyib ki, Rusiya tərəfi layihənin reallaşdırılmasının müxtəlif mərhələlərində iştirak etməyə hazır olduğunu bildirib. Rusiyanın layihənin maliyyələşdirilməsi məsələlərində də iştirakı istisna edilmir. Hələlik isə Ermənistan İranla bir çox sahələrdə əlaqələrini möhkəmləndirməyə və rəsmiləşdirməyə çalışır. Bu məqsədlə İslam respublikasına səfər edən Ermənistan prezidentinin İranın ali dini lideri Seyid Əli Xomneyi, eləcə də bu ölkənin ali məclisinin sədri Əli Laricani, milli təhlükəsizlik şurasının katibi Səyid Calili ilə görüşləri də nəzərdə tutulur. “Ararat” idman kompleksində isə S.Sarkisyan İrandakı erməni icması ilə görüşməyi planlaşdırıb. /ANS TV/