Serj Sarkisyan AŞPA-nın yay sessiyasında çıxış edəcək
02 İyun 2011 Cümə Axşamı 02:13
Sessiyanın gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi daxil edilməyib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının gündəliyi açıqlanıb. AzərTAc-ın məlumatına görə, iyunun 20-dən 24-dək keçiriləcək sessiyanın ilk günü AŞPA sədrinin çıxışı ilə öz işinə başlayacaq. Sonra Finlandiya və İrlandiya ölkələrindən qurumun sədr müavinlərinin seçkisi aparılacaq və deputatlar yay sessiyasının gündəliyini təsdiq edəcəklər.

Günün ikinci yarısında Nazirlər Komitəsinin yenicə fəaliyyətə başlamış sədri, Ukraynanın xarici işlər naziri Konstantin Qriçenko rəhbərlik etdiyi təşkilatın yaz sessiyasından sonrakı dövrdəki fəaliyyəti barədə deputatlara məlumat verəcək, Avropa Şurasının 2012-2013-cü illər üçün büdcəsi ətrafında müzakirələr aparılacaq.

İyunun 21-də keçiriləcək sessiya yığıncağında Avropa Məhkəməsinə Fransa üzrə hakimin seçkisi keçiriləcək, Avropa Şurası ilə ərəb dünyası arasında əməkdaşlıq, Tunisdə vəziyyət, Avropada sığınacaq istəyənlərin və qaçqınların vəziyyəti məsələləri müzakirə olunacaq. Sessiyanın sonrakı günlərində deputatlar XXl əsr Avropasında birlikdə yaşamaq, AŞ-də islahat, Avropada insan hüquqlarının vəziyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Sessiyanın gedişində Ukrayna və Ermənistan prezidentlərinin, Fələstin Muxtariyyəti başçısının, Bolqarıstan və Tunisin xarici işlər nazirlərinin, Mərakeş nümayəndələr palatası rəhbərinin, Almaniya ədliyyə nazirinin, İngiltərə və Uelsin baş prokurorlarının çıxışları nəzərdə tutulub.

Yay sessiyasının gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi daxil edilməyib. Buna baxmayaraq, ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə münasibət bildirəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar