Sergey Lavrov Misirə gedəcək
20 Dekabr 2009 Bazar 04:55
Sergey Lavrov bu gün Misirə gedəcək. Qahirədəki görüşlərdə əsas diqqət Yaxın Şərq probleminə yönələcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Misirə işgüzar səfər edəcək. İkigünlük səfər çərçivəsində rusiyalı nazirin Misir prezidenti Hüsni Mübarək, xarici işlər naziri Əhməd Əbul Qeyt, eləcə də Ərəb Ölkələri Liqasının baş katibi Əmir Musa ilə görüşləri gözlənilir.
Rusiya XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko bildirib ki, Qahirədəki danışıqların əsas mövzusu Yaxın Şərq problemi, o cümlədən ərəb-İsrail münasibətlərinin nizamlanması məsələləsi olacaq. Diplomatın sözlərinə görə, Rusiya və Misirin bu istiqamətdə fəallığı Fələstin-İsrail danışıqlarının bərpası və ümumilikdə sülh prosesinin canlanması üçün səylərin birləşdirilməsini tələb edir.
Sergey Lavrovun Qahirədəki görüşlərində Rusiya və Misir arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq layihələrinə də yer ayrılacaq. Tərəflərin məqsədi Rusiya-Misir əlaqələrini strateji iqtisadi müttəfiqlik həddinə çatdırmaqdır.
Ərəb Ölkələri Liqasının Qahirədəki mənzil-qərargahında Rusiya-Ərəb əməkdaşlıq forumunun yaradlılması ilə bağlı memorandum da imzalanmalıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: