Sergey Lavrov İsrailə İranla bağlı ehtiyatlı olmağı tövsiyə edib
08 Noyabr 2011 Çərşənbə Axşamı 10:40
Sergey Lavrov: "İrana hərbi güc tədbiq etmək ciddi səhv olardı".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrailə İranla bağlı ehtiyatlı olmağı tövsiyə edib. Mətbuat konfransında Şimon Peresin İranla bağlı son bəyanatına münasibət bildirən Rusiya xarici işlər naziri deyib ki, İrana hərbi güc tədbiq etmək ciddi səhv olardı.
"İsrailin İrana zərbə endirməsi məsələsi birinci dəfə deyil ki, gündəmə gəlir. Bizim bu məsələ ilə bağlı mövqeyimiz hər kəsə məlumdur. İrana zərbə endirməyin arzuolunmaz nəticələri ola bilər", deyə Lavrov qeyd edib.
Xatırladaq ki, İsrail prezidenti Şimon Peres son bəyanatında İrana hərbi güc tətbiq edilməsi ehtimalının diplomatik vasitələrdən daha böyük olduğunu demişdi. "İsrail Hayom" qəzetinə müsahibə verən Peres İsrailin bütün alternativləri gözdən keçirməli olduğunu bildirib: "Nüvə silahı məsələsi ilə bağlı hələ ki, bir nəticə əldə olunmayıb, lakin görünür, İran artıq bu istəyinə çox yaxındır".
Birləşmiş Millətlər Təşkilatının Nüvə Silahı üzrə Nəzərat Xidməti 35 təşkilat üzvlərinə məlumat göndərdikdən sonra İran tərəfindən növbəti diplomatik addımlar gözlənilir. Diplomatların məlumatina görə, sənədlər İranın nüvə başlığı ilə bağlı komputer modelinin hazırlandığını göstərəcək. Bu isə İranın nüvə silahı hazırlaması ilə bağlı şübhələr doğuracaq. Lakin buna baxmayaraq, İran uranı zənginləşdirməklə nüvə silahı deyil, nüvə enerjisi əldə etmək niyyətində olduğunu dəfələrlə bəyan edib.
Qeyd edək ki, konfransda Lavrov Avropada olan böhrana və Yunanıstanda olan daxili siyasət çaxnaşması məsələsinə də toxunub. "Biz Avropanın mövqeyini dəstəkləyirik, qəbul olunmuş maliyyə dəstəyi paketi düzgün qərardır və bunun həyata keçirilməsini gözləyirik" - deyə Rusiya XİN rəhbəri bildirib.
Sergey Lavrov, eyni zamanda, İrlandiyanın xarici işlər naziri ilə də görüşüb. Sergey Lavrovla söhbətində İrlandiya xarici işlər naziri İmon Gilmor Avrozonadan çıxmayacaqlarını deyib. "İrlandiya Avrozonada olan çətinliyin aradan qaldırılması üçün Avropa və Avropa birliyi ölkələri ilə konstruktiv çalışacaq" deyə o öz fikrini bildirib.
DOSTLARINLA PAYLAŞ: