Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün İrəvana gəlib. Bu barədə “Panarmenian” agentliyi Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayana istinadən məlumat verib.
Qeyd edək ki, toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Mahmud Məmmədquliyevin bir günlük səfəri zamanı hər hansı görüşlər nəzərdə tutulmayıb. Toplantı zamanı sədrlik Ermənistandan Azərbaycana keçəcək. Türkiyə xarici işlər naziri Ali Babacanın isə toplantıda iştirak edib etməyəcəyi hələ ki, dəqiq məlum deyil.
Toplantıda regional əməkdaşlığı dərinləşdirməklə təşkilatın işinin effektivliyinin artırılması, nəqliyyat və energetika sahələrində birgə regional layihələrin reallaşdırılması məsələsi müzakirə ediləcək, beynəlxalq maliyyə və iqtisadi böhranın qurum üzvü olan dövlətlərə təsirinin minimuma endirilməsi barədə fikir mübadiləsi aparılacaq.
QİƏT-in tərkibinə Albaniya, Ermənistan, Azərbaycan, Boqlarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya və Çernoqoriya, Türkiyə və Ukrayna daxildir. Avstriya, Berolus, Xorvatiya, Çexiya, Misir, Fransa, Almaniya, İtaliya, Polşa, Slovakiya və ABŞ isə qurumda müşahidəçi ölkə statusuna daxildir. /ANSPRESS/