Türkiyə-Ermənistan sərhədlərinin açılması təhlükəsi Iran kanallarında da aktiv işıqlandırılır. İranın “Səhər” kanalında bu ifrat, həqiqətə uyğun olmayan formada yayılmağa başlayıb. Telekanalın iddiasına görə, Azərbaycanda bir sıra hərbi və siyasi dairələr Türkiyənin Ermənistanla yaxınlaşmasına etiraz əlaməti olaraq bu ölkə ilə hərbi əməkdaşlıq məsələlərinə yenidən baxılmasını təklif ediblər.
Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması perspektivləri ilə bağlı polemikalar başlanandan “Səhər” telekanalının Azərbaycanla bağlı xüsusi buraxılışlarındakı reportajların böyük əksəriyyəti məhz bu mövzuya həsr olunur. Eyni zamanda, Azərbaycanda ağır iqtisadi böhran, ictimai-siyasi gərginlik barədə həqiqəti əks etdirməyən süjetlər nümayiş etdirilir. /ANS TV/