Sarkozinin yeni həmləsi baş tuta bilərmi?
29 Fevral 2012 Çərşənbə 12:59
Fransa prezidenti yeni qanun layihəsinin hazırlanması üçün təlimat verib.
Xəbər verdiyimiz kimi, Fransa prezidenti Nikola Sarkozi Konstitusiya Şurasının "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv etməsindən sonra yeni addım atıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Sarkozi Şuranın qərarından sonra yeni açıqlama verib. Prezident sarayının yazılı açıqlamasında "Prezident "soyqırımın" inkar edilməsini qəbul edilməz hesab edir və cəzalandırılmasını düşünür", deyilir.

Açıqlamada onun yeni qanun layihəsinin hazırlanması üçün hökumətə təlimat verdiyi də qeyd edilir.

Ancaq Sarkozinin yeni qanun layihəsinin prezident seçkisinə kimi hazırlanması bir az çətin məsələdir. Belə ki, seçki ilə əlaqədar olaraq mart ayında qanunvericilik ili sona çatacaq. Aprel və mayda isə iki turlu prezident seçkisi olacaq. Bu seçkidən dərhal sonra isə iyun ayında parlament seçkisi gəlir. Fransa parlamentinin bir daha qarşıdan gələn sentyabr ayında qanunvericilik dövrünə başlayacağı gözlənilir.

Qondarma soyqırımı haqqında qanun layihəsinin memarı olan fransız qadın millət vəkili Valerie Boyer isə bununla bağlı yenidən əlindən gələni edəcəyini bildirib. Konstutusiya Şurasının qərarının söz azadlığına zidd olduğunu iddia edən Boyer çox təəssüfləndiyini deyib:

"Ümid edirəm ki, bir gün Fransa demokratik olaraq bütün soyqırımları tanıyar. Bunun üçün əlimdən gələni etməyə davam edəcəm".


DOSTLARINLA PAYLAŞ:

oyunlar