Sarkozi: "Nə Türkiyə Avropa Birliyinə lazımdır, nə də Avropa Birliyi Türkiyəyə"
25 Fevral 2011 Cümə 17:36
Fransa prezidenti bir daha Türkiyəyə qapıların bağlı olduğunu deyib. Sarkozi: "Nə Türkiyə Avropa Birliyinə lazımdır, nə də Avropa Birliyi Türkiyəyə".
Bu gün Fransa prezidenti Nikola Sarkozi Türkiyəyə 6 saatlıq səfərə gəlib. ANS PRESS-in məlumatına görə, Nikola Sarkozi Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşəcək.
Buna qədər isə Fransa dövlət başçısı Nikola Sarkozi Türkiyənin tanınmış jurnalisti, analitik, “Kanal D” televiziyasının ana xəbər bülleteninin aparıcısı və “Posta” qəzetinin baş yazarı Mehmet Ali Birandın bəzi suallarına cavab verib. Türkiyəli jurnalistin sözlərinə görə, Sarkozi ancaq seçdiyi suallara cavab verib.
Fransa prezidenti müsahibə zamanı bir sıra məsələlərə, o cümlədən Türkiyənin Avropa Birliyinə üzv olması məsələsinə toxunub. O, bir daha bu qurumda Türkiyəyə yer olmadığını bəyan edib.
Birandın “Siz həqiqətənmi Türkiyə cəmiyyətində qəbul edildiyi kimi Türkiyəni sevməyən və onu Avropa Birliyində görmək istməyən lidersiniz?” sualına Sarkozi belə cavab verib:
“Bu məsələ Türkiyənin regional və beynəlxalq rolundan asılıdır. Bu, olduqca iri dövlətdir və Şərqlə Qərb arasında körpüdür. Bizim hazırda daha çox ehtiyacımız olduğu bu öhdəlikləri isə hansısa başqa bir ölkə çətin ki,öz üzərinə götürə bilsin.
Bu, o deməkdir ki, Türkiyə əvəzedilməz ölkə rolunu saxlamaqda davam edir. Elə məhz buna görə də Türkiyənin Avropa Birliyinə tamhüquqlu üzv olması nə Türkiyəyə, nə də Avropa Birliyinə sərfəli ola bilməz. Mən Türkiyə-Avropa Birliyi əlaqələrinin yaxınlaşmasının tərəfdarıyam və bu mövqeyimlə də heç kimin xətrinə dəymirəm”.
Birand Sarkozidən Türkiyənin Avropa Birliyinə tamhüquqlu üzv olmasının tərəfdarı olmadığı halda, nəyə görə danışıqlar prosesinin davam etdirilməsinə yardım etməsini də soruşub.
Sarkozinin sözlərinə görə, bu məsələyə daha öncə də münasibət bildirib: “Türkiyə ilə Avropa Birliyi arasında əlaqələri dərinləşdirmək lazımdır. Bu istiqamətdə çalışmalıyıq. Danışıqlar prosesinə gəldikdə isə deyə bilərəm ki, bu proses daha dərin və möhkəm əlaqələr əldə etmək üçün bir vasitədir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: