Sarkisyan xalqdan niyə gizlənir?
16 Fevral 2013 Şənbə 15:39
Seçicilərlə görüşə gedən Ermənistan prezidenti Aparanda maşınına minərək aradan çıxıb.
"Sevgililər günü"ndə prezidentliyə namizəd kimi seçiciləri ilə görüşə çıxan indiki Ermənistan prezidenti Serj Sarkisyan rəhbərlik etdiyi xalqı heç sevmədiyini, yaxud xalq tərəfindən heç sevilmədiyini nümayiş etdirib.
ANS PRESS Ermənistanda çıxan “Joxovurd” qəzetinə istinadən bildirir ki, bu ölkədə hakimiyyəti ələ keçirmiş “Qarabağ klanı”nın başçısı fevralın 14-də Aparan şəhərinə gələrək mədəniyyət evində sakinlərlə görüşmək istəyib. Adamları iclasda olduğu kimi içəri doldurublar, Serj çıxış edib, sonra da onunla görüşmək istəyən şəhər sakinlərindən qaçaraq aradan çıxıb.
İştirakçılardan biri qəzetə bildirib ki, Serj Sarkisyanın təhlükəsizlik xidmətinin əməkdaşları Aparan sakinlərinə prezidentliyə namizədlə görüşməyə imkan verməyiblər. Onlar mədəniyyət evinin qapılarını bağlayıblar və bildiriblər ki, qapıları yalnız prezident avtomobilə minib gedəndən sonra açacaqlar. İnsanlar onlara qarşı niyə belə davranmalarının səbəbini soruşduqda mühafizəçilər deyiblər ki, bu addım Sarqsyanın təhlükəsizliyinin təmin edilməsi naminə atılır. Yəni Aparan sakinləri yalnız Serj Sarkisyan gedəndən sonra mədəniyyət evini tərk edə biliblər.
Beləliklə, Aparan sakinlərinin hazırda prezident işləyən və həm də növbəti dəfə seçilmək istəyən Serj Sarkisyanla üz-üzə görüşüb dərdlərini demək istəyi baş tutmayıb. Kampaniya sadəcə protokol əsasında rəsmi şəkildə gerçəkləşdirilib. Əslində, Sarkisyan gözdən pərdə asmaq üçün “xalqla ünsiyyət qurmalı” idi və bəzən də bu addımı atır - toylara gedir, bəyə brilyant üzük bağışlayır, yaxud psevdo-patriot çıxışlar edir. Təbii ki, təhlükəsizlik tədbirləri çərçivəsində… Amma görünür, Aparanda təhlükə elə yüksək olub ki, erməni prezidenti qorxusundan xalqın üzünə çıxa bilməyib.
Əslində, bunun bir çox siyasi və kulturoloji səbəbləri var. Vaxtı ilə İrəvan xanlığının azərbaycanlılar yaşayan Baş Abaran məntəqəsi olmuş Aparana ermənilər və yezdilər 1914-15-ci illərdə Türkiyənin Van, Muş, Ələşkirt və Ərzurum vilayətlərindən gəliblər. Yəni siyasi baxımdan Sarkisyanın aid olduğu “Qarabağ klanı”na düşmən elektoratı təmsil edirlər. Ermənistanda bütün gəlirli sektorları ələ keçirən qarabağlılar bu ölkənin bütün yerli vətəndaşları kimi aparanlıları da müflis vəziyyətə salıblar. Aparan camaatı bütün bədbəxtliklərin - yoxsulluğun, işsizliyin və miqrasiyanın kökündə məhz hakimiyyətdə olan qarabağlıların acgözlüyünün durduğunu düşünürlər. Bir neçə ay öncə YUNİSEF tərəfindən Aparanı da içinə alan regionda aparılmış araşdırmaya görə, məktəb uşaqlarının 25%-dən çoxu evdə yeməyə bir şey olmadığından mütəmadi aclıq keçirirlər.
Təbii ki, uşaqlarla yanaşı onların valideynləri də aclıq keçirir. Atalar da yaxşı deyib ki, ac qılınca çapar və aclardan hər şey gözləmək olar. Yəni Sarkisyan düşmən qruplaşmadan olan və aclıq keçirən Aparan sakinlərindən özünü qorunması doğru hesablanmış addımdır.
DOSTLARINLA PAYLAŞ: