“Sarkisyan öz xalqının, gənc nəslin düşmənidir”
02 Avqust 2011 Çərşənbə Axşamı 14:46
“Bu gedişlə nəinki Dağlıq Qarabağda, Ermənistanın özündə də adam qalmayacaq
Bakı – APA. “Serj Sarkisyanın son bəyanatı ölkə rəhbərinə yaraşmayan hərəkətdir. O, bu mövqeyi ilə gənc nəsli işğalçı ruhunda yetişdirir. Sarkisyanın özü də yaxşı bilir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və ermənilər bu ərazini işğal edib. Dünyanın heç bir dövləti Ermənistanın işğalçılıq siyasətini dəstəkləmir”. APA-nın məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
B. Səfərovun fikrincə, Ermənistan prezidenti son bəyanatları ilə ölkəsinin mövqeyini dünyaya nümayiş etdirir: “Bu mövqe işğalçılıq, terror, dinc insanların qətlə yetirilməsindən ibarətdir. Sarkisyan bu açıqlaması ilə əsl erməni xislətini göstərib. Bütün dünya insanlarının sülh və təhlükəsizliyin təmin olunması yönündəki təşəbbüsləri fonunda erməni gənclərinin bu cür tərbiyə olunması müasir dövrümüzün çağırışları ilə tam ziddiyyət təşkil edir. Əslində, Sarkisyan bu tövsiyələrinin heç zaman reallaşmayacağını yaxşı anlayır. Çünki Ermənistanın özü can hayındadır, problemlər içərisində boğulur. Belə olan halda, nə Qarabağı işğal altında saxlaya, nə də Türkiyəyə qarşı iddialarını gerçəkləşdirə biləyəcəklər. Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, biz sülhün, əmin-amanlığın bərqərar olmasını istəyirik. Sarkisyan isə erməni gənclərinə müharibə çağırışı edir. Onun hansı ağılla Ağrı dağını almağı erməni gənclərinə tövsiyə etməsi gülməlidir. Bilirsiniz ki, Ermənistan əhalisi dağılıb çıxıb gedir, onlar bir də çətin qayıdalar. Belə olan halda, 70 milyonluq Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etmək heç bir məntiqə sığmır. Ona görə də, Sarkisyanın fikirlərinə əhəmiyyət vermək lazım deyil. Bu açıqlamaları verməklə o, öz səviyyəsini göstərir. Sarkisyan öz xalqının, gənc nəslin düşmənidir”.
Proseslərin Ermənistanın Türkiyəyə qarşı çirkin, məkrli siyasətindən əl çəkmək niyyətində olmadığını göstərdiyini qeyd edən B. Səfərov sərhədlərin açılması məsələsinə də toxunub: “İki ölkə arasında sərhəd nə vaxtsa açılacaq. Amma bir şərtlə. Türkiyə həmin sərhədləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına etiraz olaraq, bağlayıb, işğal faktının davam etdiyi bir vaxtda geriyə addım atması, sərhədləri açması gözlənilən deyil. İnanıram ki, qardaş Türkiyədə də bu reallığı dərk edirlər və sərhədlərin tezliklə açılacağını düşünmürəm. Bu yaxınlarda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində də bu fikri bəyan etmişdi. Əlbəttə ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra, sərhədlər açıla bilər”.
B. Səfərov dünya birliyinin hələ də ikili standartlar nümayiş etdirdiyini də vurğulayıb: “Bu gün Sarkisyan erməni gəncliyinə düşmənçiliyi aşılayır. Sarkiysan hətta xarici mətbuata verdiyi müsahibədə Xocalıda dinc insanları qətlə yetirdiklərini etiraf edib. Bu fikirləri ilə dünya ictimaiyyəti qarşısında Ermənistan prezidenti özünün terrorçu, cani, cinayətkar, günahsız insanların ölümünə bais olmasını bir daha boynuna alır. Gec-tez Sarkisyanın bu sözləri ədalət məhkəməsində onun özünə qarşı yönələcək. Amma hələ ki, dünya dövlətləri işğalçıya qarşı hər hansı addım atmır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər icra olunmur. BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması haqqında qəbul etdiyi qətnamələr 20 ilə yaxındır ki, icra olunmur. Həmin təşkilatın Liviya barəsində qətnaməsi isə dərhal yerinə yetirilməyə başladı. Hansı ki, Liviyada daxili siyasi mübarizə getdiyi halda, NATO qüvvələri hökumətin obyektlərini, hətta ictimai binaları da bombalayır. Bütün Avropa Birliyi, ABŞ Liviya haqqında danışır, orada guya ədalətin, insan haqlarının təmin olunmasına çalışırlar. Bəs Azərbaycanda öz torpaqlarından didərgin düşmüş, öz yurdlarından zorla çıxarılmış bir milyon insanın hüquqlarını niyə bərpa etmək istəmirlər? Özlərini demokratiyanın, insan hüquqlarının qoruyucuları kimi təqdim edən dövlətlər, beynəlxalq təşkilatlar bizim məcburi köçkünlərin vəziyyətini görmürlər? Bu insanlar nə vaxta qədər dözməlidirlər? Bəli, biz sülh tərəfdarıyıq, münaqişənin danışıqlar yolu ilə həllini istəyirik və bu yöndə Prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Prezidentimiz bəyan edib ki, biz danışıqlar xatirinə danışıq aparmırıq, əgər sülh danışıqları nəticə verməsə, torpaqlarımızı hərbi yolla azad edəcəyik. Belə olan halda isə beynəlxalq birlik Azərbaycana heç bir irad tuta bilməz”.
B. Səfərov Ermənistanda mövcud sosial-iqtisadi vəziyyətdən də danışıb: “Ermənistanın əhalisi sürətlə azalır. Ermənilərin özləri həyəcan təbili çalırlar ki, son 8 ayda 18 min 800 nəfər Ermənistanı tərk edib. Bu gediş böyük gedişdir və davamlı olacaq. Bu gedişlə nəinki Dağlıq Qarabağda, Ermənistanın özündə də adam qalmayacaq. Ermənistanda hər şey köhnədən qalmadır, televiziyadan izləyirik ki, avtonəqliyyat sovet dövrünə aiddir, əhalinin rifahı aşağıdır, İrəvanda heç bir quruculuq işləri aparılmır və s. Ağıllı ermənilər başa düşür ki, Azərbaycan Qarabağı onlara verməyəcək. Bilirsiniz ki, indiki Ermənistan tarixi Azərbaycan ərazilərində yaradılıb. Ötən əsrin əvvəllərində müəyyən səbəblərdən o torpaqlarda erməni dövləti yaradıldı. Buna baxmayaraq, ermənilər bizə qarşı yenə də nankorluq edirlər. Yəqin, özləri də başa düşür ki, bir də Azərbaycan xalqı o cür səhvə yol verməyəcək. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Qarabağ əzəli torpağımızdır və biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Bizim ermənilərə veriləsi torpağımız yoxdur. Dağlıq Qarabağa müəyyən status verilə bilər. Bir şərtlə ki, məcburi köçkünlərimiz, o cümlədən Dağlıq Qarabağ ərazisində yaşamış azərbaycanlılar öz yurdlarına qayıtsınlar. Bundan sonra isə statsus məsələsinə baxıla bilər. Qarabağ erməniləri Azərbaycan dövlətinin qanunları əsasında yaşayıb çalışa bilərlər, onlar da ölkəmizin inkişafından faydalanarlar. Əgər bu cür yaşamaq istəməsələr, yol açıqdır, gedib Ermənistanda yaşasınlar. Bizim onlara bundan artıq güzəşt etmək niyyətimiz yoxdur”.
DOSTLARINLA PAYLAŞ: