Sarkisyan öldürüləcək?
03 Oktyabr 2009 Şənbə 15:55
Sarkisyan öldürüləcək?. Köçəryanın kölgəsi İrəvanı dolaşır.
Ermənistan prezidenti Serj Sarkisyanın «sərhəd» oyunu baha başa gələ bilər. Erməni diasporunun və Ermənistanın bəzi partiyalarının bu məsələyə neqativ yanaşmasını nəzərə alsaq, onun aqibətinin heç də yaxşı olmayacağını ehtimal etmək olar. Doğrudur, Sarkisyanın bu «oyun»a Kremlin icazəsi ilə girdiyi söylənilir. Ancaq bunun dəlil-sübutu yoxdur. Necə ki, bir vaxtlar Saakaşvilinin Cənubi Osetiyanı azad etmək planlarının Vaşinqtonla, hətta Moskva ilə razılaşdırıldığı bildirilirdi. Lakin sonda göründü ki, bu, Gürcüstan prezidentinin öz təşəbbüsü idi.
Serj Sarkisyanın özbaşına «sərhəd» oyununa girdiyini iddia edənlər yetərincədir. Onlar hesab edir ki, bununla Ermənistan prezidenti Rusiyanın, habelə ABŞ-ın mümkün reaksiyasını yoxlamaq istəyir. Hələlik ABŞ, xüsusi ilə də Rusiya bu işə normal yanaşır. Əgər Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması Vaşinqtonun planlarına uyğundursa, bunu Rusiya haqda söyləmək çətindir. Moskva bu məsələdə incə taktika nümayiş etdirir. Bu üzdən də Kremlin nə vaxt və hansı şəkildə əsəblərini nümayiş etdirəcəyi bilinmir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Türkiyə-Ermənistan yaxınlaşmasını nəzərdə tutan protokollar imzalansa, Ermənistanı 1999-cu il İstanbul sammitindən sonrakı taleyi gözləyir. Onun sözlərinə görə, məhz İstanbul sammitindən sonra Ermənistan parlamenti silahlı şəxslər tərəfindən gülləboran edilib: «Çünki bu sammitdən sonra Ermənistan sülh sazişinin imzalanmasına yaxın idi. İnanıram ki, bu dəfə də Türkiyə ilə Ermənistan arasında hər hansı yaxınlaşma olarsa, mütləq yenidən bu ssenari təkrarlanacaq. Bunun üçün də heç kəs təminat verə bilməz ki, bu protokollar imzalanacaq. İlk növbədə Rusiya Ermənistanın Türkiyəyə yaxınlaşmasının və Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarı deyil. Rusiya tam olaraq bunun əleyhinədir. Ermənistan parlamentində isə bir çox Rusiyayönlü partiyalar təmsil olunur. Bu qərara böyük etiraz nümayiş etdirənlər də elə bu qüvvələrdir».
Quluzadənin bu fikrini əsas kimi götürüb inkişaf etdirsək, Sarkisyanın mürəkkəb duruma düşəcəyini proqnozlaşdırmaq olar. Ancaq çətin ki, bu dəfə Rusiya Ermənistan parlamentində biabırçı olayların təkrarlanmasına razılıq versin. Birincisi, zaman dəyişib, ikincisi isə Kremldə Boris Yeltsin yoxdur. Bu üzdən də Medvedev-Putin iqtidarı başqa ssenari üzərində dayanacaq. Bu ssenarinin elementlərinin nədən ibarət olacağını söyləmək çətin olsa da, müəyyən fərziyyələr irəli sürmək olar. Erməni diasporu üzvlərinin «Sarkisyanın hakimiyyəti dövründə heç bir dünya ölkəsinin parlamentində erməni soyqırımı məsələsi müzakirə olunmadı» kimi iradları göstərir ki, erməni siyasi elitası Robert Köçəryanın hakimiyyəti dövrünün Ermənistan üçün daha yaxşı keçdiyini düşünür. Bu səbəbdən də Köçəryanın yenidən hakimiyyətə gətirilə biləcəyini istisna etmək olmaz. Hər halda bu, ağlabatan versiyalardan biridir.
Lakin Sarkisyanın da rahatca postunu tərk edəcəyini söyləmək çətindir. Ermənistanın hazırkı prezidentinin asanlıqla geri çəkiləcəyi qətiyyən inandırıcı görünmür. Bu üzdən də ona həm daxildə, həm də xaricdən təzyiqlərin olacağı mümkündür. Bu təzyiqlərin içərisində Sarkisyana qarşı sui-qəsdin yer ala biləcəyi də istisna deyil. Hər halda Moskvada bu işi bacaran strukturlar hələ mövcuddur … ANSPRESS
DOSTLARINLA PAYLAŞ: