Sarkisyan Astana sammitində iştirak etməyə bilər
24 Noyabr 2010 Çərşənbə 12:20
Ermənistan prezidenti məngənəyə keçib
Ermənistan prezident Serj Sarkisyan ATƏT-in 1-2 dekabr tarixlərində Astanada keçiriləcək sammitində iştirakdan imtina edə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.
Qəzetin yazdığına görə, hakim dairələrdə Sarkisyanın NATO-nun Lissabon sammitində olduğu kimi Astanaya da getməməsi məsələsi müzakirə olunur. Nəşr qeyd edir ki, ABŞ Astanada ermənilər tərəfindən işğal olunmuş 7 rayondan ikisinin Azərbaycan tərəfinə qaytarılmasını nəzərdə tutan Qarabağa dair sənədin imzalanmasına təkid edir. Ankara da həmçinin iki Azərbaycan rayonunun təhvil veriləcəyi təqdirdə Ermənistanla sərhədlərin açılacağına dair zəmanət verib. Bu halda, 2+5 senarisinin reallaşdırılmasının əsası qoyulacaq.
Daha sonra qəzet yazır ki, erməni işğalından azad olunacaq ərazilərdə təhlükəsizliyə zəmanət qismində Polşa, Rumıniya və Macarıstandan olan sülhməramlılar yerləşdiriləcək. Lakin hadisələrin bu cür inkişafı NATO qüvvələrinin regionda peyda olmasında maraqlı olmayan Rusiyanı qane etmir.
Qeyd edək ki, bir sıra ekspertlər, eləcə də Qərb rəsmiləri Astana sammitinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara yeni ruh verəcəyini düşünürlər. Bu yaxınlarda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi 1-2 dekabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək ATƏT-ə üzv ölkələrin dövlət başçılarının sammitindən çox şey gözlədiklərini bildirmişdi: "Biz Astana sammitindən öncə çox incə mərhələdəyik. Mən demək istəyirəm ki, biz danışıqlar prosesinin sürətlənməsindən ruhlanırıq. Bu məsələnin gündəlikdə durduğu bir sıra görüşlər keçirilib. Bu, son aylarda baş verən bəzi hadisələrdən sonra ümidlərin yaranmasına əsas verir. Mən həqiqətən ümid edirəm ki, Astana görüşü ən azından yaxşı ab-havanın yaranması ilə nəticələnəcək. Əlbəttə ki, bəzi nəzərə çarpan nəticələr də olacaq".
Noyabrın 22-də isə Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü zamanı əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub.
DOSTLARINLA PAYLAŞ: