Bir şey istədiyəndə onu yeməyən və “Sanki yedim” – deyərək bu pulları yığan şəxs yığdığı pulla məscid tikdirir.
Türkiyədə qeyri-adi adı və tarixi olan məscid var. İstanbul şəhəri Fateh rayonunda olan və Osmanlı dövründən qalan bu tarixi məbədin adı “Sanki yedim” (Elə bil yedim) məscididir. Məscidin tikilməsinin və belə adlanmasının isə qəribə tarixi var.
Belə rəvayət edilir ki, o dövrdə sultanların tikdirdiyi məscidləri görərək onlara həsəd aparan Keçəcizadə Xeyrəddin adlı bir şəxs özü də məscid tikdirmək istəyir və bu məqsədlə pul yığmağa başlayıb. Ürəyi bir şey istədiyi vaxt onu alıb yeməyən və “Sanki yedim” – deyərək bu pulları yığan Keçəcizadə 20 il boyu yığdığı pulla məscid tikdirir.
O zamanlar xalq arasında “Sanki yedim” məscisdi (camesi) kimi məşhur olan məbəd tarixin axışı içində bu adını qoruyub və dövrümüzdə də eyni adla rəsmi qeydiyyatdan keçib.
Qeyd edək ki, I dünya müharibəsi vaxtı yanğına məruz qalan məscid 1959-cu ildə yerli əhalinin ianəsi hesabına yenidən bərpa olunub.