Braziliyalı məktəbli ömründə ilk dəfə saç ustasına gedəcək.
12 yaşlı Nataşa Moraes de Andrade ömründə bir dəfə də olsun saçını kəsdirməyib. ANS PRESS-in “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, onun anası düşünür ki, uzun saçları qızına həyatda olduqca böyük narahatçılıq yaradır.
Anası bildirir ki, uzun saçlarına görə, Nataşa az hərəkət etməyə məcbur olur. “Saçları ona idmanla məşğul olmağa, dostları ilə oynamağa imkan vermir. O, əsl məhbus həyatı sürür. Ancaq məktəbə gedib, evə qayıdır. Başqa heç bir yerə getmir, başqa iş görə bilmir. Saçları ona mane olur”, deyə qızın anası bildirib.
Nataşa özü isə etiraf edir ki, o saçları ilə vidalaşmaq istəmir. Ancaq bununla belə onları qısaldacağı ilə bağlı qəti qərar verib.
Məktəbli deyir ki, o saçlarını kəsdirdikdən sonra satacaq və əldə olunan pullarla öz otağını təmir etdirəcək. Nataşa satacağı uzun saçlarına görə, ən azından 5.5 min dollar almağı planlaşdırır.