Sabah Tiflis meri seçiləcək
29 May 2010 Şənbə 21:35
Sabah Tiflis meri seçiləcək. Mer vəzifəsi üçün 9 namizəd qeydiyyata alınıb.
Gürcüstanada 30 may tarixində baş tutacaq yerli özünü idarəetmə orqanlarına seçkilərin vaxtı yaxınlaşdıqca, ölkədə siyasi gərginlik də artır. Bu seçkilərdə ilk dəfə olaraq Tiflis şəhərinin meri vəzifəsi uğrunda siyasi partiya liderləri mübarizə aparacaq.
Bütün Gürcüstan ərazisində Tiflis Şəhər bəlidiyyəsi ilə yanaşı 64 sakrebuloya üzvülük üçün namizədlər mübarizə aparacaq. Tiflis şəhərinin meri birbaşa seçkilər yolu ilə müəyyənləşəcək. Gürcüstanın dörd iri şəhərində - Rustavi, Kutaisi, Poti və Batumda isə mer vəzifəsi bələdiyyə üzvləri arasından müsabiqə yolu ilə seçiləcək. Bununla yanaşı bu seçkidə həm də parlamentdə boş qalan 3-yerə deputatların seçimi də aparılacaq.
Seçkilər ölkə üzrə 73 ərazi seçki dairəsi və 3600 seçki məntəqəsində təşkil olunacaq. Yerli özünü idarəetmə orqanları sayılan Sakrebulo, yəni bələdiyyə üzvlüyünə namizədlər proporsional və majoritar sistemə uyğun olaraq prosesə qatılır.
“Bu seçkilərdə iştirak üçün 14 partiya və üç blok qeydiyyatdan keçib. Həmçinin Tiflis şəhərinin meri vəzifəsi üçün 9 namizəd qeydiyyata alınıb. Bu 14 partiya və üç blok, bütün Gürcüstan ərazisi üzrə seçkilərdə iştirak edir. Tiflisdə isə seçicilər həm də şəhərin Merin seçəcəklər. Ona görə də yalnız Tiflisdə hər seçiciyə üç bülleten veriləcək, bütün Gürcüstan ərazisi üzrə isə seçicilər iki bülleten alacaq”,-deyə Gürcüstan MSK-nın sözçüsü Gülietta Georqadze bildirib.
Siyasi partiya liderlərinin ən çox mübarizə aparacağı post Tiflis Şəhərinin meri vəzifəsidir. Paytaxt meri vəzifəsinə növbəti dörd ildə kimin sahib olacağı keçirilən seçkilərin nəticəsindən sonra aydınlaşacaq. 2009-cu ilin dekabrında Gürcüstanda seçki qanunvericiliyinə edilən düzəlişlərdə Tiflis şəhərinin merinin seçkilər yolu ilə seçilməsi qərara alınıb.
Paytaxt meri vəzifəsi uğrunda müarizə aparan 9 namizədin hər hansı biri paytaxt seçiçilərinin 30 faiz səsini qazansa, həmin şəxs bu seçkilərin qalibi elan olunacaq. Əgər namizədlərdən heç biri 30 faizlik baryeri aşa bilməsə, onda ən yüksək səs toplayan iki namizəd arasında seçkinin ikinci turu təşkil olunacaq.
Ötən ay Birləşmiş ştatların Milli Demokratiya İnstitutunun sifarişi ilə Qafqaz Resurs və Tədqiqatlar Mərkəzi tərəfindən aparılan sorğunun nəticələrinə görə, Tiflis şəhərinin meri postuna ən real namizədlər hakim partiyadan olan hazırkı mer Qiqi Uqulava və müxalifətdən olan Gürcüstan naminə Alyansın rəhbəri İrakli Alasaniyadır.
Bu seçkilərdə müxalifət Vahid namizədlə çıxış etməsə də, əksər siyasi liderlər İrakli Alasaniyaya dəsətək nümayiş etdirir. İrakli Alasaniya hesab edir ki, Tiflis merininin sakinlər tərəfindən birbaşa seçki yolu ilə seçilməsi Gürcüstanın siyasi mühitində köklü dəyişikliklərə gətirib çıxaracaq.
Hakim partiya, Vahid Milli Hərəkatın nümayəndələri də paytaxt merinin birabaşa sakinlər tərəfindən seçilməsini Gürcüstanın demokratiya istiqamətində daha bir uğurlu addımı kimi qiymətləndirir.
“Mən düşünürəm ki, bu seçkilər Gürcüstanda siyasi mühiti yaxşılaşdıracaq və daha da sivilləşdirəcək. Daha əvvəlki kimi siyasi partiyalar tərəfindən bizim öyərşdiyimiz siyasi təhqirlər olmayacaq. Bizim namizəd Qiqi Uqulava çox yaxşı seçki kampaniyası aparır”,-deyə Vahid Milli Hərəkat partiyasının nümayəndəsi Koki İyonatamaşvili bildirib.
Gürcüstanda keçirilən bu seçkilərə də beynəlxalq ictmiayyətin diqqətinin böyük olacağı gözlənilir. Seçkiləri ATƏT və Avropa Şurası da daxil olmalqa 28 beynəlxalq qurum izləyəcək.
Seçki bülletenlərinin isə üç dildə - gürcü, azərbaycan və erməni dillərində də çap olunacağı nəzərdə tutulur. Sonuncu iki dildə çap olunan bülletenlər azərbaycanlılar və ermənilərin kompakt yaşadığı bölgəldə paylanılacaq.
Siyasi şərhçilər isə hesab edir ki, 30 may seçkiləri ədalətli olmayacağı təqdirdə müxalifətin yenidən küçələrə çıxması ehtimalı yüksəkdir. Hətta Rusiyanın dəstəklədiyi bəzi müxalifət qüvvələrinin Qırğızıstanda baş verənlərin Gürcüstanda da təkrarlanması üçün cəhdlər edəcəyi istisna olunmur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: