Sabah Moskvada Avropa və Asiya Media Qurumlarının Forumu başlayır
08 Dekabr 2009 Çərşənbə Axşamı 18:00
Sabah Moskvada Avropa və Asiya Media Qurumlarının Forumu keçiriləcək.
APA-nın məlumatına görə, iki gün davam edəcək forumun açılış mərasimində “RİA Novosti” agentliyinin baş redaktoru Svetlana Mironyuk giriş niqti söyləyəcək. Daha sonra forumda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin, Rusiya baş nazirinin mətbuat katibi Dmitri Peskovun, mədəniyyət naziri Aleksandr Avdeyevin çıxışları nəzərdə tutulub. Forum qonaqların çıxışlarından sonra işini plenar sessiyalar şəklində davam etdirəcək. Forumun ilk günündə “Postsovet məkanının kütləvi informasiya vasitələri və ictimai inkişaf. Yeni peşəkar yanaşmalar və tendensiyalar” və “Avrasiya: regional təhlükəsizliyə dair suallar və cavablar” mövzusunda müzakirələr aparılacaq. Mövzular ətrafında Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri İqor Şeqolevin, “Rospeçat”ın sədri Mixail Seslavinskinin, Latviya Jurnalistlər İttifaqının sədri Yuris Paydersin, Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanovun, Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun, “İzvestiya” qəzetinin prezidenti Vladimir Mamontovun, “Qolos Rossii” radioşirkətinin sədri Andrey Bıstritskinin, MDB İcraiyyə Komitəsinin icra katibi Sergey Lebedevin, Siyasi və Hərbi Analiz İnstitutunun təmsilçisi, politoloq Sergey Markedonovun, Azərbaycan İctimai Televiziyasının analitika departamentinin rəhbəri Telman Məmmədovun çıxışları nəzərdə tutulur.

Dekabrın 10-da forum öz işini müxtəlif mövzularda diskussiyalar şəklində davam etdirəcək. Forumda “Multimedia kütləvi informasiya vasitələri – informasiyanın istehsalına və yayılmasına dair yeni texnologiyalar”, “Mətbuat: hadisələrin necə işıqlandırmalı”, “KİV və beynəlxalq əməkdaşlıq problemləri”, “Televiziya: sabahın proqramı”, “Multimedia kütləvi informasiya vasitələrində şəxsiyyətin rolu”, “İnformasiya cəmiyyətində jurnalistika: tolerantlıq və peşəkar etika problemləri” mövzuları ətrafında diskussiyaların təşkili planlaşdırılıb. Bundan başqa forumda “Mətbuatı kim silaha çevirir: İnformasiya qarşıdurmasının təbiəti”, “Qlobal böhran və mass-media”, “Birgə media məkanı: tərəflərin məsuliyyəti” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq. Diskussiyalarla paralel olaraq aparıcılar Alqis Kalanta (mətbuat), Aleksey Venediktov (radio) və Aleksandr Qurnov (televiziya) arzu edənlər üçün master-klasslar keçəcəklər. Forumun yekununda bəzi sənədlərin qəbul olunması gözlənilir. Daha sonra “RİA Novosti” agentliyinin informasiya məhsullarının təqdimatı, “RİA Novosti” adından qəbul təşkil olunması nəzərdə tutulub. Bununla da forum öz işini yekunlaşdıracaq. Qeyd edək ki, Avropa və Asiya Media Qurumlarının Forumunda Azərbaycanın Prezident Administrasiyasının siyasi analiz və informasiya təminatı şöbəsinin müdiri Fuad Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə Azərbaycan kütləvi informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir. APA-nın baş direktoru Vüsalə Mahirqızı da forumun işində iştirak etmək üçün Moskvaya gedib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar