Saakaşvili Avropa Parlamentində çıxış edəcək
23 Noyabr 2010 Çərşənbə Axşamı 02:40
Rəsmi Tiflis Avropa Birliyinin üzvü olmayan bir ölkənin liderinə yaradılan bu imkanı əhəmiyyətli sayır
Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Strasburqda Avropa Parlamentinin tribunasından növbədənkənar çıxış edəcək. Bunu Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze deyib. Onun sözlərinə görə, Mixail Saakaşvili çıxışında Gürcüstan üçün ağrılı və aktual məsələlərə toxunmaq imkanı qazanacaq. Bundan başqa, o, avropalı parlamentariləri Gürcüstanın perspektivləri ilə tanış edəcək və ölkənin beynəlxalq arenadakı öhdəliklərindən danışacaq. Nazir müavini bildirib ki, Gürcüstanın uzunmüddətli perspektivində əsas yeri ərazi bütövlüyünün təmin edilməsi tutur.
Nino Kalandadze Mixail Saakaşvilini Avropa Parlamentinə dəvət edilməsinin əhəmiyyətini xüsusilə vurğulayıb. Onun sözlərinə görə, Avropa Birliyinin üzvü olmayan ölkələrin liderlərinə bu tribunadan çıxış etmək imkanı nadir hallarda verilir. Bu, Mixail Saakaşvilinin Avropa Parlamentindəki ikinci çıxışı olacaq.
DOSTLARINLA PAYLAŞ: