Saakaşvili "va-bank"a gedir...
08 Fevral 2010 Bazar Ertəsi 20:00
Gürcüstan prezidenti Rusiya liderləri ilə görüş üçün cəhdlər edir
Ukraynadakı hadisələrin məcrasını dəyişdiyini görən Gürcüstan hakimiyyəti xarici siyasətində müəyyən reveranslar etmək qərarına gəlib. Qonşu ölkənin sabiq parlament spikeri Nino Burcanadzeyə inansaq, Mixail Saakaşvili Moskva ilə münasibətləri qaydaya salmaq üçün yollar axtarmağa başlayıb. Tiflisdə nəşr olunan “Rezonansi” qəzetində yer alan xəbərə görə, Saakaşvili Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə təmas qurmaq istəyir. Lakin onun cəhdləri hələlik nəticə vermir. Nəşrə açıqlama verən Burcanadze iddia edib ki, Saakaşvili Kremlə öz elçilərini göndərir və Rusiya liderlərindən açıq olmasa da, gizli görüş üçün razılıq almaq istəyir.
Əslində Burcanadzenin bu iddiası sadəcə Saakaşvilini cəmiyyətdə gözdən salınması planının tərkib hissəsi kimi qəbul oluna bilər. Sabiq spikerin prezidentliyə iddialı olmasını nəzərə alsaq, bu ehtimalın kifayət qədər əsaslı olacağını söyləmək olar. Lakin postsovet məkanında cərəyan edən proseslərin istiqamətinə diqqət yetirdikdə, Burcanadzenin sözlərində gerçəyə yaxın məqamların da yer aldığı ehtimal edilə bilər.
Şübhəsiz ki, burada əsas diqqəti Ukraynaya yetirmək lazımdır. Bu ölkədə Qərbə meylli qüvvələrin hakimiyyətdən getməsi onu deməyə əsas verir ki, Rusiya postsovet məkanında öz nüfuzunu bərpa etmək istiqamətində iri addımlarla irəliləyir. Bu baxımdan Gürcüstan çox çətin bir duruma düşə bilər.
Saakaşvili hakimiyyətini birmənalı dəstəkləyən Yuşşenko iqtidarının məğlubiyyəti, üstəlik Yuliya Timoşenkonun Viktor Yanukoviçə prezident seçkilərində uduzması rəsmi Tiflisi artıq indidən özünü sığortalamağa sövq edir. Odur ki, Saakaşvilinin Moskvaya elçilər göndərməsi xəbəri prinsipcə həqiqətə uyğun da ola bilər. Ukraynadakı hadisələrin məcrasını Rusiyanın xeyrinə dəyişməsinə Qərbin sakit reaksiya verməsi düşünmək üçün yetərincə əsas verir. Ya Qərb öz dəyərlərinin postosovet məkanında iflasa uğradığını anlayıb sakitcə geri çəkilir, ya da Moskva ilə Vaşinqton arasında hansısa gizli razılaşma əldə olunub. Görünür ki, Tiflisdə bunun üzərində baş sındırmaq istəmirlər və bu üzdən də Saakaşvili “va-bank” yolunu seçməyə üstünlük verdi... ANSPRESS
DOSTLARINLA PAYLAŞ: