Saakaşvili: İt hürər, karvan keçər
02 Dekabr 2009 Çərşənbə 19:40
Mixail Saakaşvili: "İt hürər, karvan keçər. Mən dəli deyiləm, məsələlərə real baxıram."
“İt hürər, karvan keçər”. Bu sözləri adi vətəndaş deyil, qonşu ölkənin prezidenti Mixail Saakaşvili “Tiflis Central” ticarət mərkəzinin yenidən qurulması ilə bağlı layihələrə həsr olunmuş tədbirdə deyib. Müxalifət liderlərinin paytaxtdakı yeni avtomobil magistralının tikintisi ilə bağlı planı tənqid etməsinə reaksiya verən Saakaşvili məhz bu atalar sözlərini işlətməyi özünə borc bilib. “İndicə maşınla gəlirdim və radioya qulaq asırdım. Verilişdə mübahisə edirdilər. Müxalifətçilər Vakedəki (Tiflisin mərkəzi rayonu) yolun tikintisini pisləyirdi, deyirdi ki, bu, ekologiyaya böyük zərbə vuracaq. Maneçilik törətmək istəyən adamlara demək istəyirm ki, it hürər, karvan keçər və bu karvan mütləq lazımi ünvana çatar”, -deyə o vurğulayıb.
Saakaşvili həmçinin onun psixoloji durumuna şübhə edənlərə cavab verib: “Mən dəli deyiləm, məsələlərə real baxıram. Mən bu kimi iri layihələrdən danışanda, deyirlər ki, Saakaşvili ya dəlidir, ya onun fantaziyaları boldur. Əslində mən məsələlərə real baxıram. Bu layihələr indi görünmür, onlar sanki göbələklər kimi yerin altında gizlənir. Mən isə bu torpağın altında olanlar görürəm”.
Gürcüstan prezidenti həmçinin qeyd edib ki, hazırda Tiflisin bütün rayonlarının 24 saat ərzində su ilə təmin edilməsi istiqamətində iş aparılır. Onun sözlərinə görə, paytaxtda yeni metro stansiyalarının inşa layihələri də artıq hazırdır. Tiflisin yollarına gəldikdə isə Saakaşvili bildirib ki, paytaxtdakı bütün yollar və paytaxta gələn bütün magistrallar Avropa standartlarına çatdırılacaq. “Əminəm ki, Tiflis tezliklə dünyanın ən komfortlu şəhərlərinin birinə çevriləcək”, -deyə o fikrini tamamlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: