Rusiya əhalisini xarici-siyasi problemlər və terrorçuların yarada biləcəkləri təhlükələrdən çox iqtisadi böhran və ziyanlı vərdişlər narahat edir. ANS PRESS-in “RBC”ya istinadən verdiyi xəbərə görə, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin apardığı tədqiqatlar nəticəsində belə bir qənaətə gəlinib.
Məlum olub ki, rusiyalılar iqtisadi böhran, zəif sənaye və kənd təsərrüfatı problemlərini özləri üçün ən böyük təhlükə hesab edirlər. Sorğulananların 11%-i bu fikirləri səsləndirib. Bir qədər az - 9% isə alkoqolizm, narkomaniya və əhalinin ümumi düşgünlüyündən narahatçılığını ifadə edib.
Rusiyalılar potensial təhlükə kimi üçüncü yerdə ümumilikdə ABŞ və Qərb tərəfindən hərbi təhlükənin gözlənildiyini, həmçinin üçüncü dünya müharibəsinin ola bilmə ehtimallarını (müvafiq olaraq 9% və 7%) hesab ediblər.
Rusiya əhalisinin 6%-i ölkəni terrorizm, yoxsulluq, aşağı səviyyəli həyat, rüşvət, oğurluq və bürokratiya, həmçinin işsizlik təhlükəsinin gözlədiyini güman edir.
Daha 5% isə demoqrafik böhran və Cənubi və Şərq ilə müharibədən ehtiyatlanır, 4% faiz hesab edir ki, Rusiya üçün təhlükə mənbələri Çeçenistan və Dağıstan və digər respublikalardır. /ANS PRESS/