Rusiyanın Ulyanovsk vilayətində nurçuluğu yaymağa çalışan Azərbaycan vətəndaşının məhkəməsi başlaya
19 İyul 2011 Çərşənbə Axşamı 15:22
Rusiya Federasiyasının Ulyanovsk vilayət Prokurorluğu dini zəmində ədavəti qızışdırmağa yönəlmiş əməllərdə ittiham olunan bir qrup sakinin işi üzrə ittiham aktını təsdiqləyib.
APA-nın xəbərinə görə, Ulyanovsk Prokurorluğundan bildirilib ki, 34 yaşlı Azərbaycan vətəndaşı Rəşid Abdulov Türkiyədəki mərkəzin tapşırığı ilə “Risaleyi-Nur” icmasının (nurçular) Ulyanovsk özəyini yaratmaq məqsədilə bu vilayətə gəlib. O, Ulyanovsk məscidinin imamı İlham Xisanutdinov və vilayət mərkəzindəki ali məktəblərdən birinin 24 yaşlı tələbəsi Ayrat Axtyamovu ekstremist fəaliyyətə cəlb edib.
Bu şəxslər əhali arasında antirusiya və antikonstitusion təbliğat işi aparıblar və dini duyğularına təsir edərək onları nurçuluğa cəlb etməyə çalışıblar. Bu məqsədlə 2011-ci ilin fevral ayının sonlarına qədər onlar bir qrup gənci öz sıralarına cəlb ediblər, konspirativ mənzillərdə dərs məşğələsi adı altında toplaşaraq Səid Nursinin təlimlərinə uyğun olaraq yeni həyati dəyərlər, dünyagörüş formalaşdırmağa və şəxsiyyətin transformasiyasını həyata keçirməyə cəhd göstəriblər. İstifadə olunan kitablar və broşurlarda Rusiyanın siyasi sistemini və dövlət quruluşunu dəyişdirib ölkəni “Ümumdünya Xilafəti”nə daxil etmək, əhalinin total islamlaşdırılması niyyətləri və digər Konstitusiyaya zidd məqamlar əksini tapıb. Qrup üzvləri Rusiyanın digər regionlarında, eləcə də Azərbaycan, Ukrayna və Türkiyədəki nurçularla müntəzəm əlaqələr saxlayıblar.
1977-ci il təvəllüdlü R. Abdulov və 1987-ci il təvəllüdlü A. Axtyamova qarşı 2 maddə ilə ittiham irəli sürülüb. Onları 5 ilə qədər həbs gözləyir. İş məhkəməyə göndərilib. İ. Xisanutdinov haqqında axtarış elan olunub.
Qeyd edək ki, Rusiya Ali Məhkəməsi “nurçuluq” cərəyanını ekstremist təşkilat kimi tanıyıb və onun Rusiya ərazisindəki fəaliyyətini qadağan edib. APA
DOSTLARINLA PAYLAŞ: