Rusiyanın məşhur araq istehsalçılarından biri müflis olduğunu bəyan edib
22 Dekabr 2009 Çərşənbə Axşamı 10:40
Rusiyanın məşhur araq istehsalçılarından olan “Soyuz Viktan” qrupu müflis olduğunu bəyan edib.
“APA-ECONOMICS”in məlumatına görə, qrupun sahiblərindən Andrey Oxlopkov bildirib ki, bu gün Moskva vilayətinin Arbitraj Məhkəməsinə Rusiyadakı “Soyuz Viktan” QSC-nin müflis hesab olunması barədə bəyanat təqdim olunacaq. Bundan əvvəl isə qrupun Ukraynadakı əsas şirkəti iflasa uğrayıb.
A.Oxlopkov iflasa səbəb kimi Ukraynada həyata keçirilən aksiz siyasətini və nəticədə alkoqol istehsalçılarından yığımın birdən-birə 58% artırılmasını, Rusiyada isə kredit götürdükləri bankların tərsliyini göstərib. Təkcə ötən ay “Alfa-bank” “Soyuz Viktan”a qarşı 697 mln. rubl miqdarında iddia irəli sürüb.
Qeyd edək ki, “Soyuz Viktan” “SV na berezovıx brunkax”, “Medoff”, “Mernaya”, “Blaqodat” markalı araqlar istehsal edib. 2009-cu ilin birinci yarımilində qrupun Rusiya bazarındakı payı 3,5% təşkil edib. APA
DOSTLARINLA PAYLAŞ: