Rusiyalı müğənni Xankəndində konsert verdi
26 Sentyabr 2013 Cümə Axşamı 23:31
Koçaryan bundan sonra səfərlərini tez-tez təkrarlayacağını bəyan edib.
Ötən gün Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərində Rusiyanın “Qolos” mahnı müsabiqəsinin iştirakçılarından biri, erməni əsilli Rusiya vətəndaşı Artyem Koçaryanın konserti baş tutub. Modern.az xəbər verir ki, erməni KİV-lərində Xankəndi mərkəzi stadionunda baş tutan konsertə 15 min insanın gəldiyi bildirilir.

İlk dəfədir ki, Qarabağa gəldiyini etiraf edən Koçaryan bundan sonra səfərlərini tez-tez təkrarlayacağını bəyan edib.

Müğənninin konsertdən çəkilən şəkilləri sosial şəbəkələrdə yerləşdirilib.Erməni əsilli Rusiya müğənnisi Artyem Koçaryanın Dağlıq Qarabağda Azərbaycanın rəsmi icazəsi olmadan konsert verməsinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti təəccüblü münasibət sərgiləyib.

Modern.az-ın bununla bağlı sorğusuna cavab olaraq mətbuat xidmətinin əməkdaşı İntiqam Hümmətov Xankəndində keçirilmiş konsertdə qeyri-adi heç nə görmədiyini dilə gətirib. “Neynəməliyik? Erməni erməniyə konsert verirsə, buna nə münasibət bildirmək olar. Bu cür məsələlərə Xarici İşlər Nazirliyi baxır”.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə faktla bağlı araşdırma aparacaqlarını və sonra müvafiq qərar verəcəklərini bildirib.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü A. Koçaryan Şimali Osetiyanın paytaxtı Vladikavkaz şəhərində doğulub. Erməni əsilli müğənni Rusiya 1-ci kanalında keçirilmiş “Qolos”, “Fabrika zvyozd” musiqili-teleşousunun itirakçısı olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar