Rusiyadan Ermənistana zərbə
16 May 2013 Cümə Axşamı 03:16
Moskva Ermənistana satdığlı qazın qiymətini 64% artırır.
“Armrosqazprom” (Ermənistan-Rusiya Qaz Sənayesi) şirkəti istehlakçılar üçün təbii qazın qiymətini 64% artırmaq təklifi ilə Ermənistan İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyasına müraciət edib. Şirkətin təklifi qəbul olunarsa, qazın qiyməti hal hazırda 1000 kub metr üçün 132 min dramdan (təxminən 318 dollar) 221 min dramadədək artacaq.
Bundan başqa, “Armrosqazprom” qaz təchizatı xidmətlərinin də qiymətlərini artırmaq istəyir. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, şirkətin Ermənistan ofisi tariflərin yenidən nəzərdən keçirilməsini sərhəd başında Rusiyadan idxal edilən təbii qazın qiymətinin qalxması ilə izah edir.
“Komissiyaya təqdim edilən ərizə ciddi iqtisadi hesablamalara əsaslanır. Şirkət əsaslandırılmış və məntiqəuyğun tarif təklif edir”, - şirkətin mətbuat katibi Şuşan Sardaryan deyib.
Onun sözlərinə görə, şirkət son dəfə tariflərin dəyişməsi təklifi ilə üç il bundan əvvəl müraciət edib. Bu müddət ərzində Ermənistan dramının məzənnəsi düşüb və inflyasiya təmayülləri müşahidə olunub.
Təhlilçilərə görə, qazın qiymətinin 64% artması təbii qazdan istifadə edən təxminən 640 min Ermənistan ailəsinin sosial vəziyyətinə mənfi təsir edəcək.
Yerli ekspertlər bunun nəticəsində yeni etiraz dalğası qalxa biləcəyini də dilə gətirirlər. “Son vaxtlaradək ictimai etiraz, əsasən, ölkəni tərk etməklə və şikayətlərlə ifadə olunurdusa, bundan sonra vətəndaş itaətsizliyi ilə təzahür oluna bilər”, - “Lragir.am” internet nəşrin şərhçisi yazıb.
Artıq itaətsizlik özünü çox gözlətməyib. Ermənistanda Facebook sosial şəbəkəsində yaradılmış təşəbbüs üzvləri qazın bahalanmasına qarşı etiraz aksiyasına birləşmək çağırışı ilə çıxış ediblər.
Facebook təşəbbüs qrupu Ermənistanın qazla təchiz edilməsi ilə məşğul olan inhisarçı “Armrosqazprom” şirkəti tərəfindən qazın qiymətinin artırılması nəticəsində bütün əsas istehlak mallarının, o cümlədən, çörək məmulatlarının, nəqliyyatın, elektrik enerjinin və s. qiymətlərinin kəskin şəkildə artacağını bildirir və əhalini “səfərbər olub öz hüquqlarını müdafiə etmək üçün küçəyə çıxmağa” çağırır. Bəyanat minlərlə internet şəbəkəsi istifadəçilərinə göndərilib, və onların bir hissəsi etiraz aksiyasında iştirak etmək niyyətində olduğunu təsdiq edib.
DOSTLARINLA PAYLAŞ: