Rusiyadakı yanğının dəhşətli təfərrüatları
19 Avqust 2010 Cümə Axşamı 22:40
Azərbaycanlı yanğınsöndürənlər gözləri ilə gördüklərini ANS-ə danışıb.
Rusiyada yanğınların söndürülməsində iştirak edən Azərbaycan Fövqaladə Hallar Nazirliyinin əməkdaşları artıq öz missiyalarını başa çatdıraraq Azərbaycana qayıdıb. Heyətin Bakıda olan üzvləri Rusiyada öz gözləri ilə gördüklərini ANS-ə danışıb.
Əşrəf Qasımov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Aviasiya Heyətinin rəisi, Rusiyaya gedən şəxsi heyətin rəhbəridir. O ilk dəfədir ki, beynəlxalq yanğınsöndürmə əməliyyatında iştirak edir. Ə.Qasımov hesab edir ki, bu onların ilk təcrübəsi olsa da, işlərinin öhdəsindən layiqincə gələ biliblər və digər ölkələrdən gələn həmkarlarından geri qalmayıblar. Çünki onlar Rusiyaya yardıma getməyə hazırlaşanda, oradakı vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmirdilər. Kütləvi informasiya vasitələrindən aldıqları xəbərlərlə gördükləri tam fərqli olub.
“Hadisə yerinə gedəndən sonra baxdıq ki, hadisənin miqyası deyiləndən qat-qat böyükdür. Eyni zamanda da iş şəraiti demək olar ki, çox çətin idi. Həm güclü tüstü, həm yüksək temperatur, eyni zamanda da bəzən yanğın bölgələrinin su hövzələrindən uzaq olması, bir neçə yerdə yanğının baş verməsi işləri daha da çətinləşdirirdi”,- deyə Əşrəf Qasımov bildirib.
Əşrəf Qasımov deyir ki, onlar əsasən Ryazanda yanğının söndürüməsində iştirak edib. Bəzi yerlər olub ki, ümumiyyətlə yalnız 40 metr məsafədə görmə mümkün olub ki, bu da yanğınsöndürənlərin işini tamamilə çətinləşdirib. Həm də çox ehtiyatla davranmaq lazım idi ki, ağacların alovunu söndürən heyət yerdə torf yanğınlarını söndürməklə məşğul olan yanğınsöndürənlərə xətər yetirməsin.
Əli Adıgözəlov təlimatçı bort texnikdir. Aviasiya sahəsində 25 il təcrübəsi var və bu günədək 1500 saat uçuş edib. O da ilk dəfədir ki, beyənlxalq yanğınsöndürmə əməliyyatlarında iştirak edirdi. Ə.Adıgözəlov hesab edir ki, əgər Rusiya xarici dövlətlərdən yardım istəməsəydi, o zaman meşə yanğınlarının qarşınısını yalnız 5-6 aya almaq mümkün olardı: “Biz Selsi kəndində yanğının qarşısını almaq üçün gedəndə, onun yaxınlığındakı kəndlərdən biri külə dönmüşdü. Ancaq evlərin içində daş sobalar qalmışdı. Selsi kəndinə biz yaxınlaşanda, meşədən alov kəndə yaxınlaşırdı. Biz həmin kəndin yanmasının qarşısını aldıq. Ayın 14-də bir gündə 46 uçuş elədik, alovun qarşısını aldıq. Orada elə yerlər var idi ki, söndürürdük, sonra yanğınsöndürənlər oranı gəlib qazırdılar ki, 2 metr dərinlikdə torfun içərisi yanır. 11 metr dərinliyində torflar var idi ki, oranı qazıb içrəisini su ilə doldurub su kanalları yaradırdılar ki, nəm çəksin yanğın baş verməsin”.
Ümümilikdə xarici dövlətlərdən gələn aviasiya heyətləri 232 üçüş edib. Bu uçuşlardan 49-u Azərbaycan heyətinin üzərinə düşüb. Ryazanda yanğının söndürülməsinə təxminən 8 min ton su boşaldılıb. Heyət üzvləri bildirir ki, bəzi hallarda lazım olandan artıq su yükü götürülürdü ki, yanğın kəndlərə və yaxınlıqlardakı qaz xətlərinə keçməsin. Əks alda daha böyük faicə ilə nəticələnə bilərdi.
Zəfər Cəfərov Aviasiya dəstəsi rəisinin müavinidir. 25 il iş təcrübəsi var, amma uçuşda yenidir. Cəmi 52 saat uçuş edib. Rusiyada yanğınların söndürülməsi onun üçün böyük təcrübə olub. Cəfərov işlərinin öhdəsindən tam gəldiklərini qeyd etməklə yanaşı, iş prosesi zamanı xarici həmkarları ilə görüşüb təcrübə mübadiləsi apardıqlarını da deyir.
Oleq Kurnosenko böyük təyyarəçi və demək olar ki, heyətin ən çox iş stajı və uçuş saatı olan təyyarəçisidir. 28 il iş stajı və 9 min saatdan çox uçuşu var. Amma Oleq deyir ki, bu iş stajında çox çətin işlərin öhdəsindən gəlsə də, Rusiyadakı yanğınlarda işləmək çox çətin olub: “Orada çox geniş miqyaslı yanğın var idi. Çox böyük, 130 hektar ərazi yanırdı. Biz ora gedəndə, bu iki dəfə də artdı. Yüksək hərarətdə və tüstüdə işləmək çox çətin idi”.
Görülən işlərin nəticəsi kimi həm Rusiya Fövqəladə Hallar Nazirliyi, həm də Ryazan vilayətinin qubernatoru yardıma gələn Azərbaycan heyətini mükafatlandırıb. Mükafatların içində medal, tərifnamə, hədiyyələr var. Rusiyanın baş naziri Vladimir Putin Azərbaycandan gedən şəxsi heytətin 3 üzvünə orada işlədikləri iş saatının qiyməti olaraq öz adından imzası ilə saat bağışlayıb.
Qeyd edək ki, Rusiyada yanğınların söndürülməsində iştirak edən 4 şəxsi heyət, yəni 19 nəfərin bir hissəsi elə dünən hava limanından bir başa Qəbələyə yanğınların söndürülməsinə yardıma göndərilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: