Rusiyadakı azərbaycanlıların əksəriyyəti artıq bazarlardan çıxıb
11 Yanvar 2011 Çərşənbə Axşamı 22:10
İlqar Hacıyev: "Moskvada açıq havada ticarətə qoyulan qadağanın bizə böyük təsiri olmayacaq".
Moskva milisi bu dəfə də daha da güclənən millətçilərin aksiyasının qarşısını ala biləcək. Amma radikalların tələbləri hökumət tərəfindən dolayısı ilə qəbul edilir. Belə ki, bu ildən Moskvada əməkçi miqrantlara açıq havada ticarətlə məşğul olmaq qadağan edilib. Baxmayaraq ki, Rusiyadakı Azərbaycan diasporu hələlik bu qadağanı azərbaycanlılar üçün təhlükə hesab etmir. Ümumrusiya Azərbaycan Konqresinin Moskvadakı nümayəndəliyinin rəhbəri İlqar Hacıyevin ANS-ə verdiyi məlumata görə, bu məsələ böyük mərkəzlər, alış-veriş mərkəzlərinə aid deyil. Sadəcə bu, küçədə alış-veriş ilə məşğul olanlara şamil edilir: "Bizim buradakı həmyerlilərimizin hamısı artıq bu qanunla tanış olub və onun əsasında öz işlərini qurub".
İlqar Hacıyevin sözlərinə görə, onların çox böyük hissəsi artıq bazarlardan çıxıb, təşkilatlar və şirkətlər yaradıb: “Bir daha deyirəm ki, bunun bizə böyük təsiri olmayacaq. Ancaq mənim bildiyimə görə, artıq Rusiya ilə Azərbaycan arasında miqrantlarla bağlı saziş də olmalıdır. Bu sənəd imzalanmalıdır, yəqin ki, onun da təsiri olar”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: