Rusiyada təyyarə qəzası ilə bağlı cinayət işi açılıb
21 İyun 2011 Çərşənbə Axşamı 10:21
Qəzanın səbəbi ilə bağlı pis hava şəraiti və insan faktoru versiyaları nəzərdən keçirilir.
Rusiyanın Koreliya regionunda «RusEyr» aivaşirkətinə məxsus Tu-134 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 44 nəfər ölüb. 8 nəfər sağ qalıb. Onlardan biri təyyarənin stüardessası, biri isə uşaqdır. Xəsarət alanlardan 7-nin vəziyyətinin ağır olduğu xəbər verilir. Moskvanın Domodedovo aeroportundan Petrozavodska uçan təyyarənin göyərtəsində 43 sərnişin və 9 ekipaj üzvü daxil olmaqla 52 nəfər olub. Ölənlər arasında Rusiyanın futbol üzrə çempionatının hakimi Vladimir Pettay da var. Bundan başqa, təyyarənin göyərtəsində İsveçrə vətəndaşının da olduğu müəyyən edilib. Ekipaj üzvlərindən isə yalnız stüardessa sağ qalıb.
Güclü duman və yağış şəraitində yerə enməyə çalışan təyyarə uçuş-enmə zolağından 700 metr məsafədə şosseyə düşüb, parçalanıb və yanıb. Şahidlərin sözlərinə görə təyyarə möcüzə nəticəsində yaşayış evlərinin üstünə düşməyib. Təyyarənin hissələrinin evlərdən 20 metr aralıda aşkar edildiyi bildirilir.
Hadisə yerində altı yanğınsöndürmə dəstəsi, fövqəladə hallar nazirliyinin respublika idarəsinin operativ qrupu və doqquz təcili yardım briqadası işləyir. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 2 və daha çox adamın ölümünə səbəb olaraq avialaynerin istismar qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb. Təyyarənin düşdüyü yerdə hər iki qara qutu tapılıb. Qəzanın dəqiq səbəbi müəyyən edilməsə də, pis hava şəraiti əsas versiyadır. Bundan başqa, insan faktoru da nəzərdən keçirilir. Belə ki, qəzanın digər səbəbi kimi pilotun səhvi və ya yerli aeroport xidmətinin səhlənkarlığı göstərilir. Elektrik enerjisinin kəsilməsi ilə əlaqədar Tu-134 təyyarəsinin yerə enişi zamanı uçuş-enmə zolağının qaranlıq olduğu bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: