Rusiyada SES partladıldı
21 İyul 2010 Çərşənbə 10:20
Hadisə nəticəsində iki partlayış baş verib.
Bu gün səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Baksan Su Elektrik Stansiyasında (SES) iki partlayış baş verib. Rusiya mətbuatının Respublikanın Fövqəladə Hallar Nazirliyinə istinadən yaydığı xəbərə görə, ilk partlayış Moskva vaxtı ilə saat 05:20, ikinci isə təqribən 06.00 radələrində qeydə alınıb.

Məlumata görə, insident nəticəsində ən azı iki nəfər həlak olub ki, onların da stansiya əməkdaşları olduqları bildirilir.

İlkin məlumatlara əsasən, SES-in ərazisi silahlı şəxslər tərəfindən ələ keçirilib. Şimali Qafqaz dairəsinin güc strukturlarında hesab edirlər ki, bu, terror əməliyyatı olub. Onların fikrincə, partlayışların həyata keçirilmə sxemi ona dəlalət edir ki, bu, yaxşı planlaşdırılmış terror əməliyyatıdır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mətbuat xidmətinin rəhbəri Oleq Qrekovun məlumatına görə, SES-də baş verən partlayışlardan sonra əhali və ərazi üçün heç bir təhlükə yoxdur.

Kabardin-Balkarın güc strukturlarındakı mənbənin verdiyi məlumata görə, hadisə baş verən zaman iki silahlı şəxs SES-in iki mühafizəçisinə atəş açıb, onların silahlarını ələ keçirib və SES-in ərazisinə keçiblər. Daha sonra onlar stansiyanın daha iki əməddaşını döyərək SES-in maşın zalını minalayıblar. Və bir qədər sonra bir neçə partlayış baş verib.

Rusiya mətbuatının məlumatına görə, Baksan SES-ə hücumdan qabaq şəhərin milis bölməsi atəşə tutulub. Ehtimallara görə, hər iki hadisədə eyni şəxslər iştirak edib. Regionun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, saat 03.15 radələrində Baksan şəhər Daxili İşlər İdarəsinin binası minaatandan atəşə tutulub. Hadisə nəticəsində zərərçəkən olmayıb.

İstisna olunmur ki, söhbət dəqiq şəkildə planlaşdırılmış terror aktından gedir.

Hazırda partlayışdan sonra SES-də baş verən güclü yanğın artıq söndürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar