Rusiyada güclü qar 13 min insanı işıqsız qoyub
03 Mart 2013 Bazar 12:25
Dükanlarda ərzaq və çörək qıtlığı yaranıb.
Rusiyanın Saxalin adası ərazisində güclü siklonun fəsadları aradan qaldırılır. Son sutka ərzində adaya aylıq norma qədər yağıntı düşüb. Rusiyanın "RTR" telekanalının məlumatına görə, adanın 12 yaşayış məntəqəsində 13 mindən çox sakin işıqsız qalıb.
Sürəti saniyədə 40 metrə çatan külək və qarın qırdığı elektrik enerjisi naqillərinin bərpasına başlanılıb. Yujno-Saxalinsk hava limanının uçuş-eniş zolağı təmizlənir. Saxalinin 2 sutkaya yaxın ətraf aləmlə əlaqəsi kəsilib.
Adada dükanlarda ərzaq və çörək qıtlığı yaranıb. Buna siklonun yaxınlaşmasının bir neçə gün əvvəldən elan edilməsi səbəb olub. İctimai nəqliyyatın işi də iflic olub. Məktəblər bağlanıb.
Sinoptiklər çovğunun hələ bir neçə gün də davam edəcəyini proqnozlaşdırırlar. Fövqəladə Hallar Nazirliyi isə sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib.
DOSTLARINLA PAYLAŞ: