Rusiyada bank rehberi saxlanıldı
16 May 2013 Cümə Axşamı 16:27
Vladimir Qolubkov rüşvət almaqda ittiham edilir.
Rusiya Daxili İşlər Nazirliyinin iqtisadi təhlükəsizlik idarəsinin əməkdaşları əməliyyat nəticəsində rüşvət almaqda şübhəli bilinən "Rosbank"ın idarə heyətinin sədri Vladimir Qolubkovu və bankın birinci vitse-prezidenti Tamara Polyaniçınanı saxlayıb.
"Euronews" əməliyyat zamanı lentə alınan kadrları yayıb. İddiaya görə, "Rosbank"ın rəhbəri Vladimir Qolubkov kommersiya təşkilatlarından birinin nümayəndəsindən kredit müqaviləsinin müddətinin uzadılmasına və bir sıra digər xidmətlərə görə, 1,5 milyon dollar tələb edib. Sahibkar isə Daxili İşlər Nazirliyinə müraciət edib. O, rüşvət kimi tələb edilən pulları bankın birinci vitse-prezidenti Tamara Polyaniçına vasitəsilə çatdırmalı idi. Sonuncu pulun 5 milyon rubl dəyərində olan hissəsini Vladimir Qolubkova verdikdən sonra polis onun kabinetinə daxil olub.
Tamara Polyaniçına isə polis tərəfindən saxlanılarkən istintaqla əməkdaşlıq etməyə razılıq verib. Faktla bağlı prosessual qərar veriləcək.
Qeyd edək ki, "Rosbank" xarici kapitalla idarə olunur. Onun əsas səhmdarı Fransanın "Sosyete Generale" şirkətidir ki, o da səhmlərin 82%-ə malikdir.
DOSTLARINLA PAYLAŞ: