Rusiyada bahalı maşınlardan dəbdəbə vergisi tutulacaq
14 Mart 2014 Cümə 18:32
Bəs görəsən, Rusiyanın bu yanaşması günbəgün bahalı maşınların çoxaldığı ölkəmiz üçün aktual ola bilərmi?
Rusiyada bahalı maşınlardan dəbdəbə vergisi tutulacaq. Hələ bir neçə aydır gündəmdə olan bu məsələ artıq reallaşıb. Belə ki, bu qaydalara görə həddən artıq dəbdəbəli sayılan maşınların siyahısı da dərc olunub. Bəs görəsən, Rusiyanın bu yanaşması günbəgün bahalı maşınların çoxaldığı ölkəmiz üçün aktual ola bilərmi?

Rusiya hökuməti dəbdəbə vergisinə cəlb olunacaq maşınların konkret markalarını və modellərini özündə əks etdirən siyahını dərc edib. Siyahıya nəzər salanda burada dünyanın ən bahalı və prestijli markalarını görmək olar. Aston Martin, Bentli, Maserati, Lamborgini, Rols Roys kimi istehsalçıların modelləri siyahıda üstünlük təşkil edir. Amma əsasən ekonom maşınlar buraxan istehsalçılardan bəzilərinin də bir neçə modeli rusiyalılar tərəfindən dəbdəbəli hesab olunub. Siyahının hazırlanma prinsipi isə belədir. Qiyməti 3 milyon rubldan və ya 81 min dollardan baha olan maşınlara bu vergi tətbiq edilir. Qiymətdən və maşının istehsal ilindən asılı olaraq vergi dərəcəsi 1,1-dən 3-ə qədər dəyişir.

Son illər Azərbaycana da kifayət qədər bahalı və dəbdəbəli avtomobillərin gətirildiyini nəzərə alsaq, bu mövzu bizdə də aktuallaşmağa başlayıb. Amma ölkəmizin vergi qanunvericiliyində hələ ki, belə bir müddəa yoxdur. Vergilər Nazirinin müavini Sahir Məmmədxanovun sözlərinə görə, ölkəmizdə avtomobil sahibləri onun markasından asılı olmayaraq dəyərinə görə əmlak vergisi ödəyirlər. Bundan başqa bir də yol vergisi var.

Nazir müavini deyir ki, ölkəmizdə vergi qanunvericiliyinə görə, onsuz da böyük mühərrikli maşın sahiblərinin ödədiyi vergi digərlərindən çoxdur. Buna görə də əlavə bir vergi növünə ehtiyac yoxdur.

Qeyd edək ki, gömrük qanunvericiliyinə görə gömrük rüsumu avtomobilin mühərrik həcmindən asılı olaraq müəyyən olunur və iri mühərrikli maşınlara daha çox rüsum və aksiz vergisi hesablanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar