Rusiya yanğınlardan yaxa qurtara bilmir
19 Avqust 2010 Cümə Axşamı 18:20
Meşələrdən sonra zibilliklərə od vurulur.
Rusiyada meşə yanğınlarının qəsdən törədildiyi barədə iddialara daha bir arqument əlavə olunub. Belə ki, meşələrdə yanğınların qarşısının alındığı bir vaxtda indi də Moskva vilayətində zibilliklərə od vurulub.

Rusiyada meşə yanğınları ilə bağlı vəziyyət nisbətən sabitləşsə də, bəzi bölgələrdə yanğınlar davam edir. Volqaətrafı və Mərkəzi Federal dairələrdə Fövqəladə Hallar Nazirliyinin səyləri və havanın soyuması nəticəsində son sutka ərzində Rusiya ərazisində yanğınların miqyası 30 dəfəyədək azalıb. Hazırda burada təxminən 91 hektar meşə və torf sahəsi yanır. Son sutka ərzində ümumilikdə 298 yanğın ocağı söndürülüb, 313 yanğın ocağı hələ də aktivdir. Moskva, Nijeqorod vilayətlərində, Mordva Respublikasında tezliklə fövqəladə vəziyyət ləğv edilə bilər. Son sutka ərzində milli park və qoruqlarda isə vəziyyət dəyişməz qalıb. Hazırda Moskva vilayətində 1526 hektar ərazini əhatə edən 6 təbii yanğın fəal olaraq qalır, onlardan 2-si artıq məhdudlaşdırılıb.

Bu arada, Moskva vilayətinin Şelkovski rayonunda məişət tullantılarının toplandığı zibillikdə də yanğın başlayıb. Yanğın artıq məhdudlaşdırılıb, lakin yanğını tamamilə söndürmək hələ mümkün olmayıb. Yanğının artıq 2 hektardan çox ərazini əhatə etdiyi bildirilir. Yanğınsöndürənlər məişət tullantılarının yanmasının torf yanğınlarına bənzədiyini qeyd edərək, çətinlik çəkdiklərini bildiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar