Rusiya və Gürcüstan arasında növbəti uğursuzluq
09 İyun 2010 Çərşənbə 22:10
Tərəflər arasında danışıqların 11-ci raundu uğursuzluqla başa çatıb.
Gürcüstan və Rusiya diplomatları arasında Cenevrədə keçirilən danışıqlar növbəti dəfə uğursuzluğa düçar olub. Tərəflər yenə də ortaq məxrəcə gələ bilməyərək, biri-birilərinə qarşılıqlı ittiham yağdırıblar.

Qeyd edək ki, bu gün Cenevrədə tərəflər arasında danışıqların 11-ci raundu keçirilib. İki paralel işçi qrupu görüşlər keçirərək regionda təhlükəsizlik və sabitlik, həmçinin humanitar məsələləri müzakirə edib.

Rusiya tərəfi, Gürcüstandan Cənubi Osetiya və Abxaziyaya qarşı gücün tətbiq olunmamasına dair razılaşmanı ratifikasiya etməyi tələb edib. Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin bildirib ki, "12 avqust" və "8 sentyabr" razılaşmaları ilə tanışdır, lakin bu kifayət etmir.

Gürcüstan tərəfi bəyan edib ki, Sarkozi-Medvedev razılaşması çərçivəsində hər hansı əlavə bir anlaşmanın rəsmiləşdirilməsinə ehtiyac yoxdur. Gürcüstan xarici işlər nazirinin birinci müavini Qeorqiy Bokeriya rəsmi Tiflisin qondarma Abxaziya və Cənubi Osetiya ilə gücün tətbiq olunmamasına dair razılaşma imzalanmayacağını bildirib. Bokeriyanın sözlərinə görə, bu cür razılaşma Moskva ilə Rusiya qoşunları işğal edilmiş Gürcüstan ərazisindən çıxarıldıqdan sonra imzalana bilər.

“Rusiya Gürcüstanla mövcud razılaşmanın hər bəndini pozur. Mən cənab Karasindən nəhayət ki, "12 avqust" razılaşmasının mövcud olduğunu eşitməyə sevindim. Çünki cənab Karasin "12 avqust" razılaşmasının mövcud olmadığını və bu səbəbdən də Rusiya və digərlərinin güc tətbiq edilməməsi ilə bağlı öhdəlikləri yerinə yetirmədiyini dedikdə, həmsədrlər də daxil olmaqla bütün iştirakçılar çox gərgin anlar yaşayıb. Mən onun sadəcə səhv fikir söylədiyinə ümid edirəm. Gürcüstan hökumətinin çox aydın mövqeyini bir daha qeyd edərək deyirəm ki, biz "12 avqust" razılaşmasını ələqaləndirici qanuni öhdəlik hesab edirik”,- deyə Gürcüstan xarici işlər nazirinin müavini Qeorqiy Bokeriya bildirib.

Qeyd edək ki, Cenevrə danışıqları 2008-ci il avqust hadisələrindən sonra BMT, Avropa Birliyi və ATƏT-in himayədarlığı altında iki ölkə arasında münaqişədən sonra regionda sabitliyin bərqərar edilməsi məqsədilə başlansa da, hələlik konkret bir nəticə hasil edilməyib. Danışıqların növbəti raundu iyulun 22-ə planlaşdırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar