Həlak olanların üçü yerli sakin, biri isə Rusiya ordusunun hərbçisidir.
Rusiya Federasiyasının Rostov şəhərindən Xarkova gedən yolda sakinlər çox sayda hərbi texnikanın hərəkətini müşahidə ediblər.
ANS PRESS-in məlumatına görə, Ukrayna sərhədindən 10 kilometr aralıda yerləşən Novoşaxtinsk şəhərinin sakinləri Rusiya ordusunun tank dəstəsinin şəhərə girişini videoya çəkiblər.
Rusiya ordusunun cənub dairəsinin mətbuat xidmətinin başçısı polkovnik İqor Aleksandroviç Qorbul bildirib ki, hərbi texnikanın hərəkəti plan üzrə tədbirlərdir.
Bununla belə, Rostov vilayətində hərbi texnikanın iştirakı ilə iki qəza olub və hadisə zamanı 4 nəfər ölüb. Birinci qəza vilayətin Neklinovsk rayonunda Sambek məntəqəsinin ətrafında olub. Zirehli hərbi texnika yol kənarında duran yol polisi avtomobilinin üzərindən keçib. Nəticədə, avtomobilin yanında duran yerli sakin yerindəcə keçinib, yol polisi isə xəstəxanaya qaldırılıb.
Vilayətin Oktyabr rayonunda baş vermiş qəzada isə üç nəfər həlak olub. Zirehli hərbi döyüş maşınının sürücüsü Rostov - Don - Moskva federal yolunda qarşıdan gələn hərəkət zolağına çıxıb və VAZ-2105 markalı avtmobillə toqquşub. Hadisə zamanı avtomobildə olan yerli sakinlər - qadın və kişi dünyasını dəyişib. Bundan başqa, zirehli maşının sürücüsü olan hərbçi də yerində keçinib.