Rusiya Suriyaya silah ixracını dayandırıb
10 İyul 2012 Çərşənbə Axşamı 14:48
Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəis müavini: “Sabitlik bərqərar olunmayana qədər Suriyaya silah-sursat satmayacağıq".
Rusiya Suriyaya silah-sursat ixracını dayandırıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəis müavini Vyaçeslav Dzerkaln jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya sabitlik bərqərar olmayana kimi Suriyaya silah satmayacaq və bu ölkə ilə yeni hərbi müqavilələr imzalamayacaq. Vəziyyət normallaşmayana kimi Suriyaya “Yak-130” tipli hərbi təyyarələrinin də satılmayacağını söyləyən V. Dzerkaln bildirib ki, 3 ədəd “Mİ-25” hərbi helikopteri təmir olunduqdan sonra Suriyaya göndərilib: “İndiyə qədər iki ölkə arasında bağlanmış hərbi müqavilələri yerinə yetirirdik. Bu müqavilələrə indiyə qədər Suriyaya satdığımız hərbi təyyarələrin və helikopterlərin təmiri də daxil idi. Sabitlik bərqərar olunmayana qədər Suriyaya silah-sursat satışı gerçəkləşdirilməyəcək”.
Qeyd edək ki, Rusya bir müddət əvvəl Suriya ilə 550 milyon ABŞ dolları dəyərində 36 ədəd “Yak-130” hərbi təyyarəsinin satışı haqqında müqavilə imzalayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar