Rusiya səfiri: "Jirinovski şəxsi mövqeyini açıqlayıb"
17 Sentyabr 2009 Cümə Axşamı 14:55
Vladimir Doroxin: "O nə rəsmi Moskvanı, nə də Kremli təmsil edir"
"Vladimir Jirinovski Rusiya Federasiyasının Dağlıq Qarabağ məsələsi üzrə rəsmi mövqeyini əks etdirmir". Bunu Rusiya Liberal Demokrat Pariyası sədrinin " Dağlıq Qarabağ tarixi erməni torpağıdır" bəyanatına münasibət bildirən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. "O, müxalifət partiyasının sədridir və şəxsi mövqeyini açıqlayıb".
V. Jirinovskinin parlamentin vitse-spikeri olmasına münasibət bildirən səfir qeyd eidb ki, bu, sadəcə olaraq siyasi bölgünün nəticəsidir. "O, ən böyük müxalifət partiyasının sədridir. Ona görə bu vəzifəni tutub, amma müxalifət partiyasının üzvü olmaqda qalır. O nə Moskvanı, nə Kremli təmsil edir və yalnız öz partiyasının, yaxud şəxsi mövqeyini əks etdirir".
Xatırladaq ki, Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski “RİA Novosti” agentliyinə müsahibəsində deyib ki, Dağlıq Qarabağ tarixi erməni torpağıdır. "Ermənilər hər zaman orada yaşayıblar. Əgər biz Dağlıq Qarabağı Azərbaycana qaytarmağa köməklik etsək, Azərbaycanla Ermənistan arasında yenidən cəbhələşmə baş verəcək. Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamaq istəmir. Bundan sonra 5-10 il də danışıqlar aparmaq olar, amma hər şey onunla nəticələnəcək ki, Dağlıq Qarabağ ya Ermənistana birləşdiriləcək, ya da müstəqil dövlət kimi tanınacaq. Dağlıq Qarabağı da, Dnestryanı regionu da müstəqil dövlət kimi tanımaq lazımdır”. deyib. Onun fikrincə, MDB-nin yerinə Rusiya İttifaqı yaradılmalı və Qafqaz bu ittifaqa daxil olmalıdır".
DOSTLARINLA PAYLAŞ: