Rusiya müxalifətinin növbəti aksiyasında 15 nəfər saxlandı
17 İyun 2012 Bazar 12:20
Etirazçılar siyasi məhbusların azad edilməsini tələb ediblər.
Rusiya müxalifətinin tərəfdarları ötən gün paytaxt Moskvada növbəti etiraz aksiyası keçirib. Aksiya iştirakçıları müxalifət liderlərinin evlərinə basqın edilməsini və bəzi liderlərin saxlanmasına qarşı etiraz edib, siyasi məhbusların azad edilməsini tələb ediblər. Polis Rusiya İstintaq Komitəsinin binası önündə keçirilən icazəsiz aksiyaya müdaxilə edib, 15 nümayişçinin saxlandığı bildirilir. Etiraz aksiyasını çox sayda yerli və xarici kütləvi-informasiya vasitələrinin nümayəndəsi izləyib.
Etirazçılar aksiyanı tramvay dayanacağında tramvay gözləyirlərmiş kimi səhnələşdiriblər. Rusiya müxalifətinin öndə gedən şəxslərindən olan millət vəkili İlya Ponomaryov bu addımı belə izah edib: "Ölkəmizin konstitusiyasına görə, dayanacaqda tramvay gözləmək cinayət sayılmır, ona görə də polisin bizə müdaxilə etməyə haqqı yoxdur. Bir nəfərlik etiraz aksiyası keçirənlərin də həbs edildiyini gördük. Bu da qanunlara ziddir".
Qeyd edək ki, aralarında Mixail Kosenko, Stepan Zimin, Andrey Barabanov kimi müxalifət liderlərinin də olduğu bir sıra müxalifətçilər mayın 6-da baş tutan "Milyonların yürüşü" zamanı xalqı polisə qarşı qızışdırmaqda ittiham olunaraq həbs edilib.
DOSTLARINLA PAYLAŞ: