Rusiya miqrantlardan nə istəyir?
21 Yanvar 2011 Cümə 22:55
Rusiya miqrantlardan nə istəyir? İndi də bu ölkənin mərkəzi telekanalları əmək miqrantlarına qarşı yeni kampaniyaya başlayıb.
Rusiyanın mərkəzi telekanalları Moskvada çalışan əmək miqrantlarına qarşı yeni kampaniyaya başlayıb. Belə ki, Rusiyanın ORT kanalı “İnsan və qanun” verilişində Nazirlər Kabinetinin 2011-ci ilin yanvarın 10-dan qüvvəyə minən qərarına riayət olunmaması ilə bağlı böyük süjet efirə verib. Hətta bunun üçün verilişin özündə deyildiyi kimi Federal Miqrasiya Xidməti ilə birlikdə bazarlarda və böyük ticarət məkanlarında reydlər də təşkil olunub.

Bir sözlə, Rusiyanın Nazirlər Kabinetinin qərarı qüvvəyə minəndən düz 10 gün sonra Rusiya mətbuatı miqrantlara növbəti xəbərdarlıq etmək qərarına gəlib. Moskvanın mərkəzi bazarlarında keçirilən reydlə bağlı süjetdə miqrantların Nazirlər Kabinetinin qərarına riayət etməyərək açıq məkanlarda, küçə və bazarlarda ticarətlə məşğul olduqları nümayiş olunur, Federal Miqrasiya Xidməti əməkdaşlarının reydləri nəticəsində onların sənədlərinin qaydada olmaması göstərilir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva təşkilatının rəhbəri İlqar Hacıyev də son günlər əməkçi miqrantların yoxlanılması ilə bağlı reydlərin artdığını təsdiqləyir. İlqar Hacıyevin sözlərinə görə, reydlər başlayıb, bu tək bazarlarda deyil, hətta böyük alış-veriş mərkəzlərində də keçirilir: “Qanun pozuntuları ilə rastlaşırıq. Bizim həmyerlilərimizdən də qanun pozuntusuna yol verənlər var”.

İlqar Hacıyev deyib ki, Rusiya Nazirlər Kabinetinin qərarına görə, əcnəbi miqrantlar artıq açıq məkanlarda, küçə və bazarlarda ticarətlə məşğul ola bilməz. Lakin bu məsələyə Rusiyada yanaşma fərqlidir.

Xaricdə yaşayan azərbaycanlılar iş üzrə Dövlət Komitəsində isə bildirirlər ki, Rusiyada yaşayan miqrantlarla daim iş aparılır. Onların yaşadıqları ölkədə yeni qəbul olunan qanun və qaydalara dair maarifləndirilməsi işi diasporalar vasitəsi ilə həyata keçirilir. Moskvada başlayan reydlərə gəlincə, Dövlət Komitəsində hesab edirlər ki, bu, Rusiyanın daxili işidir və Azərbaycan vətəndaşları da harada yaşamalarından asılı olmayaraq yaşadıqları ölkənin qanunlarına hörmət etməlidir.

Ekspertlər isə bu qənaətdədir ki, Rusiyanın mərkəzi kanallarının miqrantlarla bağlı belə həyəcanlı xəbərlərin sayını artırması yaxşı heç nə vəd etmir. Rusiya rəbhərliyinin hər hansı addımı atmazdan əvvəl xalqı kütləvi informasiya vasitəsi ilə bu addıma hazırlaması praktikası çoxdan mövcuddur. Moskva meri Yuri Lujkovun sərt şəkildə prezident tərəfindən istefaya göndərilməsindən əvvəl Rusiya kanallarının Lujkovu uzun müddət tənqid atəşinə tutulması uzaq keçmiş deyil. O cümlədən də Rusiya-Belarus münasibətləri korlanarkən məşhur üçseriyalı sənədli “Batka” filmi də hamının yadındadır. Odur ki, keçmişə baxanda, Rusiyada yaşayan miqrantların gələcəyi kifayət qədər dumanlı görünür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar