Rusiya hakimiyyət dəyişikliyinə hazırlaşır
27 Yanvar 2010 Çərşənbə 17:55
Vladimir Putinin prezident postuna qayıdışı üçün hazırlıq işlərinə start verilib
Rusiyada mətbuat azadlığına daha bir zərbə vurulacaq. Belə ki, ölkədə az-çox müstəqil KİV kimi tanınan "Exo Moskvı" radiostansiyası bağlanmaq təhlükəsi ilə üzləşib. "Pervıy Kavkazski" telekanalının Siyasi Proqnozlaşdırma İnstitutunun rəhbəri Semyon Vendrova istinadən verdiyi məlumata görə, maliyyə problemi adı ilə sözügedən radiostansiyanın qapadılacağı gözlənilir. Halbuki "Exo Moskvı" həmişə gəlirli radiostansiya olub və öz səhmdarlarına vaxtı-vaxtında dividendlər ödəyib. Yeri gəlmişkən bildirək ki, radiostansiyanın səhmlərinin 66 faizi, yəni nəzarət paketi "Qazprom" şirkətinə məxsusdur.

Əslində "Exo Moskvı" radiostansiyasının bağlanması xəbəri Rusiyanın imicinə çox böyük zərbə vurmuş olacaq. Rusiyada əksər televiziya və radiokanalların hakimiyyətə yaxın adamlara məxsus olduğunu nəzərə alsaq, "Exo Moskvı" radiosunun qapadılmasını ölkədəki söz azadlığına bəlkə də son zərbə kimi dəyərləndirmək olar. Güman ki, bu məsələ Avropa Şurası və digər Qərb demokratik institutlarının ciddi narazılığına səbəb olacaq. Nəticə etibari ilə bu, prezident Dmitri Medvedevin imicinə xələl gətirəcək. Onsuz da Rusiyada atılan anti-demokratik addımların hamısı məhz Medvedevin hakimiyyətdə olduğu vaxta təsadüf edir.

Görünür ki, kimsə artıq indidən Vladimir Putinin prezident postuna qayıdışı üçün zəmin yaratmaqla məşğuldur. Medvedevin qeyri-demokratik imicinin formalaşdırılması istiqamətində atılan addımların hamısı prinsip etibarilə Putinin növbəti prezident seçkilərində namizidləyinin irəli sürülməsi üçün yetərincə böyük əsas olacaq.

Yeri gəlmişkən qeyd edək ki, Rusiya baş nazirinin prezident postuna qayıdışını çox gözləmək lazım gəlməyəcək. Rusiyanın sabiq baş naziri Mixail Kasyanova inansaq, 2 ildən sonra Putin yenidən prezident seçiləcək. Kremlin mətbəxinə yaxşı bələd olan Kasyanovun dediklərinə inanmamaq üçün əsas da yoxdur. Sabiq baş nazir 2012-ci ildə Putinin namizədliyinin irəli sürüləcəyinə tam əmindir. "Şübhə etmirəm ki, yuxarıda artıq müvafiq qərar qəbul olunub və Rusiyanın növbəti prezidenti məhz Putin seçiləcək», - deyə Kasyanov vurğulayıb.

Maraqlıdır ki, Kasyanovun özü 2012-ci ildə keçiriləjək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qəti qərar verməyib. Onun sözlərinə görə, hakimiyyətə lazımi təzyiqlər göstərilsə və qanunvericilik dəyişdirilsə, namizədliyinin irəli sürülməsi haqda fikirləşəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar