Rusiya Gürcüstanı dilə tutmağı bacardı
03 Noyabr 2011 Cümə Axşamı 11:29
Şimal ölkəsi ÜTT-yə daxil olmaq üçün qarşısında duran sonuncu maneəni də həll edib.
Rusiya ilə Gürcüstan Ümumdünya Ticarət Təşkilatı ilə bağlı mübahisəli məqamı həll ediblər. ANS PRESS-in Rusiya kütləvi informasiya vasitlərinə istinadən verdiyi məlumata görə, Gürcüstan ilə Rusiya Abxaziya və Cənubi Osetiya ilə sərhəddə yüklərin monitorinqi məsələsinə dair razılığa gəliblər.
Məsələ ilə bağlı Rusiya nümayəndəliyinin rəhbəri, Rusiya İqtisadi İnkişaf Nazirliyinin ticarət danışıqları departamentinin direktoru Maksim Medvedkov açıqlama verib. Onun sözlərinə görə, bu, Rusiyanın təşkilata qəbul olunmasına mane olan sonuncu mübahisəli məsələ idi: “Biz prinsipial mövqelərimiz çərçivəsində razılığa gəldik”.
Onun sözlərinə görə, Abxaziya və Cənubi Osetiya sərhədində ticarətin yoxlanılmasını sərbəst şirkət həyata keçirəcək. Məhz həmin şirkət də Rusiya və Gürcüstan gömrük xidmətlərinə yardım edəcək.
Bundan əvvəl Rusiya tərəfi Gürcüstana Abxaziya və Cənubi Osetiya vasitəsilə Gürcüstan-Rusiya sərhəd məntəqələrinə yüklərin hərəkəti ilə bağlı tam informasiya verməkdən imtina edirdi.
Qeyd edək ki, hələlik Rusiya Xarici İşlər Nazirliyi məsələni şərh etməyib. Hazırda Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr mövcud deyil, tərəflər arasında vasitəçi rolunda İsveçrə çıxış edir.
Xatırladaq ki, Rusiya 1993-cü ildən Ümumdünya Ticarət Təşkilatına daxil olmağa çalışır. Şimal ölkəsinin təşkilata daxil olmasına 153 ölkənin razılığı lazımdır. Bu yolda əsas maneə ABŞ, Avropa Birliyi və Gürcüstanın mövqeyi idi. İlk iki tərəf ilə məsələ ötən ilin sonunda öz həllini tapa bildi, həmin vaxt Rusiya maliyyə naziri Aleksey Kudrin bildirmişdi ki, ölkəsi 2011-ci ilin yayın sonuna təşkilata daxil ola biləcək. Məlum olduğu kimi indi A. Kudrin nazir deyil və onun proqnozu da özünü doğrultmadı.
DOSTLARINLA PAYLAŞ: