Rusiya Ermənistana nəql etdiyi qazın qiymətini artırdı
14 Dekabr 2012 Cümə 17:33
Erməni milli konqresinin üzvü Vaaqn Xaçatran: Hökumət aydınlaşdırmalıdır ki, onlar nəyin uğrunda mübarizə aparırlar.
“Rusiya artıq Ermənistana nəql etdiyi təbii qazın qiymətini artırıb. Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan nahaq yerə özünə əziyyət verib bilbirməsin ki, Ermənistan Rusiyaya qazın qiymətinin qaldırmasına icazə verməyəcək”. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müxalif erməni milli konqresinin üzvü Vaaqn Xaçatran bildirib.
“Maraqlısı budur ki, heç kəs Ermənistana satılan qazın qiymətini demir. Ancaq dedikləri odur ki, qiymət əvvəlki kimidir, baxmayaraq ki, sadə hesablamalarla da aydın olur ki, bu belə deyil. Bu gün Ermənistan 1000 kubmetr qaz üçün 244 dollar ödəyir”, deyə V. Xaçatray bildirib.
Onun sözlərinə görə, nəhayət hökumət aydınlaşdırmalıdır ki, onlar nəyin uğrunda mübarizə aparırlar.
Xatırladaq ki, Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan dünən bildirib ki, rəsmi İrəvan ilin sonunadək qazın qiymətinin artırılmayacağına ümid edir: “Təbii ki, danışıqlar ona görə aparılır ki, qiymət artmasın. Daha dəqiqi, onlar artırmaq istəyirlər, biz isə bunu istəmirik”.
Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti ilə Ermənistana verilən qazın qiyməti ilə bağlı danışıqlar bir neçə aydır davam edir. Ermənistan hökumətinin məlumatına görə, hazırda bu ölkə Rusiyaya qazın hər 1000 kubmetrinə görə 180 dollar ödəyir. Lakin Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, bu ilin iyul-sentyabr ayralıranda Ermənistan Rusiyaya qazın hər 1000 kubmetrinə görə 244 dollardan çox ödəyib. Hökumət qurumlarının məlumatları arasındakı ziddiyyəti indiyədək heç kim şərh etməyib.
DOSTLARINLA PAYLAŞ: