Rusiyanın ən iri ticarət mərkəzlərindən olan “Çerkizov” bazarı ətrafındakı qalmaqal səngimək bilmir. Bazarın bağlanmasının 2009-ci ilin sonunadək çəkəcəyi bildirilsə də, Moskva bunu daha tez reallaşdırdı. Özü də bazarda “sanitar, gigiyenik normalar və yanğın təhlükəsizliyinə riayət olunmamasını” əsas gətirməklə.
Məlum olduğu kimi təqribən 15 beş il əvvəl fəaliyyətə başlayan “Çerkizov” azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub. Və məhz həmin Telmanın Moskvanın çoxsaylı təzyiqlərinə baxmayaraq ötən il 1,4 milyard dollarını Soçiyə deyil, Antalyaya yatıraraq möhtəşəm bir mehmanxana tikdirməsi və Türkiyə vətəndaşlığını qəbul etmək niyyətini ifadə etməsi Kremli əmalli-başlı özündən çıxartdı.
Məhz bu hadisədən sonra “Çerkizov” bazarı güc və təzyiq vasitəsinə çevrildi. Ilk öncə bazar “araşdırılmaq” üçün bağlandı, nəticədə on minlərlə iş adamına külli miqdarda maddi və mənəvi ziyan dəydi, yüz minlərlə insan işsiz qaldı. Moskva meri Yuri Lujkovun bütün çinlilər və vyetnamlıların Moskvadan çıxarılacağına dair bəyanatı, daha sonra isə bazarın bağlanmasına etiraz edən 80-ə yaxın çinlinin həbs edilməsi “Çerkizov” bazarını beynəlxalq müzakirə mövzusuna çevirdi. Rəsmi Pekinin iddiasına görə, çinlilərin bu bazarda 5 milyard dollardan artıq malı qalıb.
Məhz bu səbəblərdən Çin Xalq Respublikası öz vətəndaşlarının müdafiəsinə qalxaraq Moskvaya nümayəndə heyəti göndərdi. Lakin onların Moskva rəsmiləri ilə apardıqları danışıqların gizli olması, məsələnin sadəcə Rusiyada sıradan bir bazarın bağlanması deyil, başqa söhbətin mövzusu olması barədə fikirlər yaratdı.
“Çerkizov” bazarında vətəndaşlarının hüquqları kobud surətdə pozulan dövlətlərdən biri də Türkiyədir. Türk mətbuatının yazdığına görə adıçəkilən bazarda 5 min türk firmasının 2 milyard dollar dəyərində malı qalıb. Bu barədə mətbuata Türkiyə Dəri Hazır Paltarçılar Dərnəyinin rəhbəri Ramazan Xəzər məlumat verib və hətta baş nazir Rəcəb Tayyip Ərdoğanı məsələ ilə bağlı dərhal Rusiya ilə danışıqlara başlamağa çağırıb.
Türkiyə ilə Rusiya arasında əvvəllər də gömrük böhranının yaşandığını nəzərə alsaq, bu dəfə də rəsmi Ankaranın vəziyyətə müdaxilə edəcəyini proqnozlaşdırmaq olar.
Qırğızıstan isə “Çerkizov” bazarının bağlanmasını birmənalı olaraq siyasi səbəblərlə əlaqələndirib. Rəsmi Bişkek Rusiya hökumətinin belə bir qərar qəbul etməsini Qırğızıstan rəhbərliyinin Amerika hərbi bazasını öz ərazisində, “Manas” aeroportunda saxlamasına cavab olaraq qəbul olunduğunu hesab edir. Belə ki, Qırğızıstanda istehsal olunan yüngül sənaye məhsullarının demək olar ki, 40 faizi Çerkizov bazarında satılırmış, bazarın bağlanmasında əsas məqsəd isə məhz bu ölkənin yüngül sənayesini çökdürmək imiş.
Bu bazarda bir çox ölkələrin maraqlı olduqlarını nəzərə alsaq, Rusiyanın nə etmək istədiyini anlamaq o qədər də çətin deyil. Yəni rəsmi Moskva əlində olan vasitələrdən maksimum istifadə etməklə keçmiş Sovet məkanı və region ölkələrini bacardıqca özündən asılı vəziyyətdə saxlamaq, bu ölkələrə öz tələblərini diqtə etməyə çalışır.
"Çerkizov"un bağlanması nəticəsində nə baş verə bilər? Bazarın hər bir işçisi real olaraq bir ailənin təmsilçisidir və vətəndaşı olduğu ölkədə bir ailəni dolandırmaq iqtidarındadır. Onun işini itirəcəyi təqdirdə isə bu ölkələrdə yüz minlərlə insanın təminatdan məhrum olacağı, digər tərəfdən işsizlər ordusunun vətənlərinə qayıdacağı təqdirdə bu ölkələrdə kriminal halların çoxalacağını və hakimiyyətə qarşı etirazların arta biləcəyini ehtimal etmək olar.
Digər bir ehtimal isə Vladimir Putinin yəhudu əsilli oliqarxlara qarşı apardığı təzyiq siyasətidir ki, bu dəfə Telman İsmayılovun onun hədəfinə tuş gəldiyini söyləmək olar. Hadisələr belə cərəyan edərsə, regionda böyük qarşıdurmanın yarana biləcəyi qaçılmaz olacaq.
Qeyd edək ki, “Çerkizov”un bağlanmasına etiraz etməli olan ölkələrdən biri də Azərbaycandır. Amma Azərbaycan hökuməti həmişə olduğu kimi gözləmə mövqeyi tutub. Onsuz da əhalinin işsizlik səbəbindən Bakıya axışmasından narahat olan və regionları inkişaf etdirərək bunun qarşısını almağa səy göstərən ölkə rəhbərliyi üçün bu məsələyə qarışmaq daha vacibdir. Ümid edək ki, ölkənin bu işlə məşğul olan müvafiq qrumları region əhalisinin yarıdan çoxunun maddi ehtiyaclarını təmin edən məhz Rusiyada çalışan həmyerlilərimizin müdafiəsinə qalxacaq.
Samin Abdullayev /ANS PRESS/