Rövşən Lənkəranski barəsində ehtiyat tədbirləri seçiləcək
28 Sentyabr 2010 Çərşənbə Axşamı 15:55
Kiyevin Qoloseyevski rayon məhkəməsi kriminal avtoritet Rövşən Lənkəranskinin işinə baxacaq.
Bu gün Kiyevin Qoloseyevski rayon məhkəməsi kriminal dairələrdə “Rövşən Lənkəranski” kimi məşhur olan “qanuni oğru” Rövşən Canıyev barəsində ehtiyat tədbirləri seçəcək. ANS PRESS-in Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (DİN MCMBİ) mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, “qanuni oğru” sentyabrda Kiyevin dəmir yolu vağzalında saxlanılıb və baxış zamanı onun üzərindən üç saxta pasport aşkar edilib.
Qeyd edək ki, Ukrayna DİN MCMBİ-nin İstintaq şöbəsi R. Canıyevə qarşı Cinayət Məcəlləsinin “qəsdən saxta sənədlərdən istifadə” maddəsi ilə cinayət işi qaldırıb.
Xatırladaq ki, bu, Rövşən Lənkəranskinin Kiyevdə artıq üçüncü həbsidir. O, sonuncu dəfə 2009-cu il 3 dekabr tarixində qəsdən adamöldürmə və qanunsuz silah saxlanılması ittihamları ilə beynəlxalq axtarışda olan şəxs kimi ələ keçib. Rövşən Lənkəranski dekabrın 12-də Azərbaycan tərəfinə təhvil verilib. 2010-cu il 29 yanvar tarixində bir sıra ağır cinayətlər, o cümlədən sui-qəsdə cəhd və qanunsuz silah saxlamada ittiham olunan R. Lənkəranskinin məhkəmə prosesi başlanıb. Martın 19-u dövlət ittihamçısının Canıyevi 12 il müddətinə azadlıqdan məhrum edilməsi tələbini irəli sürməsinə baxmayaraq, kriminal avtoritet 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə qaldığı müddət hesablanaraq o, məhkəmə zalından azadlığa buraxılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: