Roman Abramoviç 19,5 milyon dollara ev alıb
29 Yanvar 2010 Cümə 20:25
Rusiyalı milyarder Roman Abramoviçin yeni evi 9700 kvadrat metrlik ərazini əhatə edir
Rusiyanın ən zəngin simalarından biri, "Çelsi” klubunun sahibi Roman Abramoviç ABŞ-da yeni ev alıb. "The Wall Street Journal”ın verdiyi məlumata görə, rusiyalı milyarderin Los-Ancelesdə aldığı evin qiyməti 19,5 milyon dollardır.
Mİlyarderin yeni evi təxminən 9700 kvadrat metrlik ərazini əhatə edir. Evdə 6 yataq otağı, eləcədə hovuz, bilyard otağı, kino salonu və çaxır zirzəmisi var.
Abramoviçin mətbuat-katibi isə yeni evlə bağlı yayılan xəbərləri təkzib edib.
Rusiyalı milyarderin Moskva, London və Karib dənizindəki Sen-Barts adasında da evi var. Onun ev kolleksiyasına avstraliyalı media-maqnatdan satın aldığı, Qərbi Susseksdə yerləşən 420 hektar ərazisi olan malikanə, Nitsa ilə Kann arasındakı ərazidə yerləşən “Şato de-la-Kroe” malikanəsi, Kolorado ştatındakı “Uayldket-Ric” rançosu da daxildir. Qərbi Susseksdə yerləşən və media-maqnat Kerri Pekerdən 12 milyon funt sterlinqə satın alınan malikanədə 7 yataq otağı olan ev, iki polo sahəsi, 100 at saxlamaq üçün tövlə, tennis kortu, nadir balıqlarla zəngin olan göl, qapalı hovuz, cakuzi və çimmək üçün xüsusi göl var.
Kolleksiyaya daxil olan “Şato-de-la-Kroe” malikanəsi isə bir zamanlar Vindzor hersoquna məxsus olub. Abramoviç bu malikanə üçün 15 milyon dollar ödəyib. Kolorado ştatındakı ev isə sabiq qubernatora 36 milyon dollara başa gəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: